BAKI,TurkicWorld,Yusif Şərifzadə
Yəməndə fəaliyyət göstərən husi hərəkatının müdafiə naziri Məhəmməd Əl-Ətafi silahlı qüvvələrin İranın ali rəhbərinin verəcəyi göstərişləri yerinə yetirməyə hazır olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Məhəmməd Əl-Ətafi Yəmənin rəsmi dövlət xəbər agentliyinə açıqlamasında Yəmən xalqına qarşı mühasirənin davam edəcəyi təqdirdə husilərin İranın ali rəhbərinin bütün göstərişlərini icra etməyə hazır olduqlarını bəyan edib.
O bildirib ki, silahlı qüvvələr istənilən tapşırığın yerinə yetirilməsi üçün tam hazırlıq vəziyyətindədir və vəziyyətin inkişafından asılı olaraq müvafiq addımlar atmağa hazırdır.
Məhəmməd Əl-Ətafi, həmçinin "təcavüzkar dövlətlər" adlandırdığı ölkələrə, xüsusilə də Səudiyyə Ərəbistanına və onu dəstəkləyən tərəflərə xəbərdarlıq edib.
Onun sözlərinə görə, husilərin bütün mümkün variantlardan istifadə etmək imkanı var və hərəkat yaranacaq şəraitə uyğun qərarlar qəbul edəcək.
Bu açıqlama Yaxın Şərqdə gərginliyin artdığı və bölgədə qarşıdurmaların genişlənməsi ilə bağlı narahatlıqların gücləndiyi bir dövrdə verilib.







