BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin İsrailin ABŞ–İran sülh razılaşmasının qarşısını almağa çalışdığı barədə açıqlamaları Vaşinqton rəhbərliyində İran siyasəti ilə bağlı ciddi fikir ayrılıqlarının mövcud olduğunu göstərir.
TurkicWorld xəbər verir ki, bu fikri Cenevrə Ali Beynəlxalq Araşdırmalar İnstitutunun professoru Sayrus Şayeq "Əl-Cəzirə" telekanalına müsahibəsində səsləndirib.
Ekspert bildirib ki, Vensin bu açıqlamaları həm onun gələcək siyasi planları, həm də ABŞ daxilində İran siyasəti ətrafında gedən müzakirələrlə əlaqəlidir.
Şayeqin sözlərinə görə, ABŞ siyasi dairələrində İran məsələsinə yanaşmada iki fərqli mövqe formalaşıb.
Onun fikrincə, bir tərəfdə İrana qarşı daha sərt siyasət yürüdülməsini istəyən ənənəvi mühafizəkarlar dayanır, digər tərəfdə isə Vens və onunla eyni mövqeni bölüşən siyasətçilər diplomatik razılaşmanın əldə olunmasını dəstəkləyirlər.
Professor hesab edir ki, Prezident Donald Trampın da gələcəkdə diplomatik yanaşmaya üstünlük verməsi mümkündür.
Şayeq əlavə edib ki, Trampın ikinci prezidentlik dövrünün əvvəlində ABŞ ilə İsrail arasında müşahidə olunan sıx siyasi uyğunluq artıq zəifləməyə başlayıb.
Onun sözlərinə görə, İsrailin Baş naziri Benyamin Netanyahu əvvəlcə Trampı İranda hakimiyyət dəyişikliyini hədəfləyən hərbi siyasətə dəstək verməyə inandıra bilmişdi. Lakin hadisələrin gözlənilən nəticəni verməməsi fonunda Vaşinqtonda bu siyasətə qarşı çıxanların sayı artır.
Qeyd edək ki, bu qiymətləndirmələr Sayrus Şayeqin şəxsi təhlilidir və rəsmi mövqeni əks etdirmir.







