BAKI,TurkicWorld,Yusif Şərifzadə
Fransa Körfəz ölkələrindən gələn neftin daşınması üçün Hörmüz boğazına alternativ marşrut kimi Suriyanın imkanlarını qiymətləndirir.
TurkicWorld xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro “TF1” telekanalına müsahibəsində ABŞ və İran arasında Hörmüz boğazı ətrafında yenidən artan gərginlik fonunda enerji marşrutlarının şaxələndirilməsinin vacibliyini bildirib.
Nazir qeyd edib ki, qlobal bazarlara enerji tədarükünün etibarlılığını təmin etmək üçün müxtəlif nəqliyyat dəhlizlərinin hazırlanması zəruridir.
“Bu böhran başlayandan həyata keçirdiyimiz bütün səylər arasında alternativ marşrutların hazırlanması ideyası da var ki, hər hansı bir yerdə yaranan məhdudiyyətlərdən asılı qalmayaq”, - deyə Barro bildirib.
Fransa Prezidenti Emmanuel Makronun bir neçə gün əvvəl Suriyaya səfər etdiyi və Suriya Prezidenti Əhməd əş-Şəraa hökuməti ilə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdiyi qeyd olunub.
Paris hesab edir ki, enerji daşımaları üçün alternativ yolların yaradılması qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə kömək edə bilər.







