BAKI,TurkicWorld,Yusif Şərifzadə
İranda mərhum ali dini rəhbər Ayətullah Əli Xamenei ilə vida mərasimində 34 mindən çox iştirakçıya tibbi yardım göstərilib.
TurkicWorld xəbər verir ki, İranın təcili tibbi yardım xidmətinin rəhbəri Cəfər Miadfər dövlət xəbər agentliyinə açıqlamasında bildirib ki, indiyədək mərasim zamanı ölüm halı qeydə alınmayıb. Onun sözlərinə görə, 34 mindən çox iştirakçıya tibbi xidmət və təcili yardım göstərilib.
İran hakimiyyəti 1989-cu ildə mərhum ali dini rəhbər Ayətullah Ruhullah Xomeyninin dəfn mərasimində yaşanan izdihamın təkrarlanmaması üçün geniş təhlükəsizlik və tibbi tədbirlər həyata keçirir. Həmin mərasimdə izdiham nəticəsində 10 nəfər həyatını itirmiş, 10 mindən çox insan xəsarət almışdı.
Məlumatda həmçinin qeyd olunur ki, 2020-ci ildə Bağdadda ABŞ-ın hava zərbəsi nəticəsində öldürülən Qasım Süleymaninin dəfn mərasimində də milyonlarla insan iştirak etmiş, onun doğulduğu Kerman şəhərində baş verən izdiham zamanı onlarla nəfər həlak olmuşdu.
Bildirilir ki, Ayətullah Əli Xamenei ilə vida mərasimləri çərşənbə axırınadək davam edəcək. Mərasimlər çərşənbə axşamı Qum şəhərində, çərşənbə günü isə İraqın Nəcəf və Kərbəla şəhərlərində keçiriləcək. Dəfn mərasiminin yekun mərhələsinin cümə axşamı Məşhəd şəhərində baş tutacağı gözlənilir.







