Son dəqiqə

İsrailin maliyyə naziri Betsalel Smotriç İsrail məskunlaşma siyasəti Benyamin Netanyahu hökuməti

Məskunlaşma siyasətində "inqilab" başlayıb - Smotriç

BAKI,TurkicWorld Orxan Qədirzadə

İsrailin maliyyə naziri Betsalel Smotriç ölkənin məskunlaşma siyasətində "inqilab"ın başlandığını bəyan edərək bu prosesin yalnız işğal altındakı İordan çayının qərb sahili ilə məhdudlaşmayacağını, Negev və Qaliley bölgələrini də əhatə edəcəyini bildirib.

Nazirin açıqlaması Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi hökumətin işğal altındakı ərazilərdə yaşayış məntəqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini sürətləndirdiyi dövrə təsadüf edir. Hökumət parlament çoxluğunu məskunlaşma siyasətini dəstəkləyən ifrat sağçı partiyaların dəstəyi hesabına qoruyub saxlayır.

İsrail Təhlükəsizlik Kabineti ötən həftə işğal altındakı İordan çayının qərb sahilinin mərkəzində yerləşən Binyamin bölgəsində 13 yeni yaşayış məntəqəsinin salınmasını nəzərdə tutan planı təsdiqləyib. Layihənin ilk mərhələsinin yaxın aylarda həyata keçirilməsi planlaşdırılır.

Bu arada bölgədə məskunlaşma fəaliyyəti ilə paralel zorakılıq halları da davam edir. Bazar günü səhər saatlarında yəhudi məskunlaşanlar Nablus şəhərinin cənubundakı Əl-Lubban əş-Şərqiyyə qəsəbəsi ilə Səlfit şəhərini birləşdirən yol üzərində yerləşən fələstinlilərə məxsus restoran və kafeni yandırıblar. Fələstin tərəfi bu hücumu son dövrdə məskunlaşanların hücumlarının görünməmiş dərəcədə artmasının növbəti nümunəsi kimi qiymətləndirir.

Həmin hadisə ilə eyni vaxtda Şərqi Qüdsün şimal-şərqindəki Ənata qəsəbəsində, həmçinin Yatta və Əl-Xəlil bölgələrində də məskunlaşanlar tərəfindən oxşar hücumların həyata keçirildiyi bildirilir. Eyni zamanda İsrail qüvvələri yeni məskunlaşma layihələrinin icrası məqsədilə müxtəlif ərazilərdə torpaqların hamarlanması və müsadirəsi işlərini davam etdirir.

Hazırda ən genişmiqyaslı işlərdən biri Qüdsün şimalındakı Qələndiyyə qəsəbəsi yaxınlığında yerləşən və Şuafat hava limanı kimi tanınan ərazidə aparılır. Burada fələstinlilərə məxsus mülklər sökülərək ərazinin iri məskunlaşma layihələri ilə birləşdirilməsi nəzərdə tutulur. Fələstin tərəfi bu addımın İordan çayının qərb sahilinin daha da təcrid edilməsinə və ayrı-ayrı hissələrə bölünməsinə xidmət etdiyini bildirir.

Fələstinin Divar və Məskunlaşmaya Qarşı Mübarizə Komissiyasının məlumatına görə, cari ilin əvvəlindən bəri İordan çayının qərb sahilində 3400-dən çox hücum qeydə alınıb. Fələstin rəsmiləri bunu məskunlaşanların hücumlarının misli görünməmiş səviyyəyə çatmasının göstəricisi hesab edir və bu prosesin İsrailin siyasi rəhbərliyi tərəfindən dəstəkləndiyini iddia edirlər.

İsraildə fəaliyyət göstərən solyönümlü "Sülh İndi" hərəkatının hesablamalarına əsasən, hazırda İordan çayının qərb sahilində təxminən 500 min, işğal altındakı Şərqi Qüdsdə isə 250 minə yaxın məskunlaşan yaşayır.

Fələstin tərəfinin rəsmi məlumatına görə, 2023-cü il oktyabrın 8-dən etibarən İsrail ordusu və məskunlaşanların həyata keçirdiyi əməliyyatlar nəticəsində İordan çayının qərb sahilində 1175 fələstinli həlak olub, 12 min 919 nəfər yaralanıb. Bundan başqa, təxminən 24 min nəfər saxlanılıb, 33 min nəfər isə öz yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.