BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ ilə İran arasında danışıqların növbəti mərhələsinin taleyi Vaşinqtonun imzalanmış anlaşma memorandumundakı öhdəlikləri yerinə yetirməsindən asılıdır.
TurkicWorld xəbər verir ki, Tehran Universitetinin professoru Zöhrə Xərəzmi bildirib ki, memorandumun müddəaları icra olunmadan Hörmüz boğazı ilə bağlı danışıqlarda ciddi irəliləyiş gözləmək çətindir.
Onun sözlərinə görə, növbəti addımların atılması üçün əvvəlcə memorandumun maddələri həyata keçirilməlidir.
Professor qeyd edib ki, hazırda təşəbbüs ABŞ tərəfinin əlindədir.
Zöhrə Xərəzmi əlavə edib ki, İran Dohada keçirilən görüşləri yüksək siyasi səviyyəli danışıqlar kimi qiymətləndirmir. Onun sözlərinə görə, Tehranı bu görüşlərdə xarici işlər nazirinin müavini Kazım Qəribabadi təmsil edir və müzakirələr əsasən texniki məsələlərə, o cümlədən dondurulmuş İran vəsaitlərinin azad edilməsinə həsr olunub.







