Son dəqiqə

Vladimir Putin Vladimir Zelenski Rusiya Ukrayna müharibəsi

Ukrayna Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyata başlayır

BAKI,TurkicWorld Orxan Qədirzadə

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədilə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) 40 günlük xüsusi təsir əməliyyatının keçirilməsini təsdiqlədiyini açıqlayıb.

Prezident bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin müvəqqəti rəhbəri Yevhen Xmara ilə görüş keçirib.

Zelenskinin sözlərinə görə, görüş zamanı SBU-nun Rusiya ərazisinə qarşı həyata keçirdiyi orta və uzaq mənzilli əməliyyatların nəticələri müzakirə olunub.

Prezident qeyd edib ki, son aylarda müxtəlif növ pilotsuz uçuş aparatlarının tətbiqi sayəsində cəbhə xəttində mövqelərin qorunması istiqamətində Ukrayna Təhlükəsizlik Xidməti yüksək nəticələr əldə edib.

Zelenski bildirib ki, bu fəaliyyətlərin davamı olaraq Rusiyaya qarşı yeni əməliyyat mərhələsinin həyata keçirilməsi planlaşdırılır.

"Təcavüzkar dövləti müharibəni dayandırmağa məcbur etmək məqsədilə Ukrayna Təhlükəsizlik Xidmətinin 40 günlük təsir əməliyyatını təsdiqlədim", – deyə Ukrayna Prezidenti vurğulayıb.

O, əməliyyatın konkret məzmunu, hədəfləri və hansı vasitələrdən istifadə olunacağı barədə əlavə məlumat verməyib.

Məlumata görə, əməliyyat çərçivəsində Ukrayna Təhlükəsizlik Xidmətinin orta və uzaq mənzilli imkanlarından, eləcə də müxtəlif tipli pilotsuz uçuş aparatlarından istifadə olunacağı nəzərdə tutulur.

Rəsmi Kiyev hesab edir ki, bu cür əməliyyatlar Rusiyanın hərbi imkanlarını zəiflətməyə və Moskvanı müharibəni dayandırmağa məcbur etməyə xidmət edəcək.

Mövzuya görə xəbərlər