Son dəqiqə

İsrail İran ABŞ Livan Tel-Əviv Donald Tramp Vaşinqton Benyamin Netanyahu Yaxın Şərq Diplomatiya regional siyasət İran-ABŞ razılaşması

İsraildə İran-ABŞ razılaşmasına etirazlar artır: “Tramp bizi yarı yolda qoydu”

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ ilə İran arasında əldə olunan və Livanı da əhatə edən razılaşma İsraildə ciddi müzakirələrə səbəb olub. Bir çox israilli vətəndaş Vaşinqtonun yeni siyasətinin Tel-Əvivin maraqlarına uyğun olmadığını düşünür.

TurkicWorld xəbər verir ki, İsrail sakinləri məsələ ilə bağlı açıqlamalarında ABŞ Prezidenti Donald Trampın siyasətini sərt tənqid ediblər.

İsrail vətəndaşı Yair Forer bildirib ki, Tramp əvvəlcə İranla bağlı sərt mövqe nümayiş etdirsə də, sonradan razılaşmaya getməklə yanlış addım atıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti İsraili çətin vəziyyətdə qoyub və ona etibar etmək mümkün deyil.

Forer həmçinin ABŞ-nin İsrailə Livana hücumları dayandırmaq üçün təzyiq göstərməsi ilə bağlı xəbərləri də tənqid edib və Vaşinqtonun Tel-Əvivə nə etməli olduğunu diktə edə bilməyəcəyini bildirib.

Digər israilli Jana Şimonov isə razılaşmanın İranın maraqlarına xidmət etdiyini iddia edib.

Onun fikrincə, Tehran dondurulmuş maliyyə vəsaitlərinə çıxış əldə edə, nüvə proqramını və raket imkanlarını qoruya bilər, halbuki İsrail bu prosesdən heç bir ciddi üstünlük qazanmayıb.

Bununla yanaşı, İsraildə razılaşmanı müsbət qarşılayanlar da var.

Tal Marom adlı sakin bildirib ki, o, Livanı da əhatə edən razılaşmadan məmnundur və bölgədə qarşıdurmaların dayandırılmasını dəstəkləyir.

Marom hesab edir ki, diplomatik həll yolu hərbi qarşıdurmadan daha səmərəli yanaşmadır.

O, həmçinin İsrailin əvvəllər Livan və Qəzzada əldə olunan bir sıra atəşkəs razılaşmalarını pozduğunu iddia edib.

Xatırladaq ki, İran və ABŞ arasında əldə olunan memorandumun iyunun 19-da İsveçrədə imzalanacağı gözlənilir. Razılaşmanın Livandakı hərbi əməliyyatların dayandırılmasını da əhatə etməsi İsraildə siyasi mübahisələri daha da gücləndirib.

Mövzuya görə xəbərlər