BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Livan ABŞ ilə əldə olunan anlaşma memorandumunun mühüm hissəsidir və Tehran bu ölkədə baş verən hadisələri diqqətlə izləyəcək.
TurkicWorld xəbər verir ki, İsmayıl Bəqai jurnalistlərə açıqlamasında Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin ABŞ ilə əldə olunmuş müvəqqəti razılaşmanın tərkib hissəsi olduğunu deyib.
Onun sözlərinə görə, İran Livandakı vəziyyəti yaxından izləyir və bu ölkədə baş verən hadisələrə xüsusi həssaslıqla yanaşır.
Bəqayi Livan xalqına başsağlığı verərək son hadisələrdən dərin təəssüf hissi keçirdiklərini bildirib.
"Biz Livan xalqına dərin hüznlə başsağlığı veririk. Qərarlarımızı müəyyən meyarlar əsasında qəbul edirik. Bu yanaşma Livana qarşı həyata keçirilən hücumlarla da bağlıdır", – deyə o vurğulayıb.
İran rəsmisi əlavə edib ki, Tehran bölgədə sabitliyin və dövlətlərin ərazi bütövlüyünün qorunmasını vacib hesab edir.
Onun sözlərinə görə, Livanın təhlükəsizliyi və suverenliyinin təmin olunması bölgədə davamlı sabitlik üçün mühüm əhəmiyyət daşıyır.







