BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ-ın Livandakı səfiri Mişel İssa Prezident Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Livan məsələsi ilə bağlı fikir ayrılıqlarının olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, səfir Beyrutun cənub ətraflarına endirilən hava zərbələri və İranın İsrailə raket hücumlarını siyasi mesaj kimi qiymətləndirib.
Mişel İssa qeyd edib ki, ABŞ administrasiyası regionda qarşıdurmanın daha da genişlənməsinin qarşısını almaq niyyətindədir.
“Biz ABŞ-da qərar verdik ki, qarşıdurma daha da genişlənməsin”, – deyə o bildirib.
Səfir bu fikirləri Livan parlamentinin sədri Nəbih Berri ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Donald Tramp Livandakı hadisələri hər gün diqqətlə izləyir və bölgədə vəziyyətin nəzarətdən çıxmaması üçün diplomatik səylərə önəm verir.
Mişel İssa ərəb dilində verdiyi açıqlamada ABŞ Prezidenti ilə İsrailin Baş naziri arasında Livan məsələsi ilə bağlı ciddi fikir ayrılığının yarandığını vurğulayıb.
“Tramp demək olar ki, Livan məsələsinə görə Netanyahu ilə mübahisə həddinə çatmışdı”, – deyə səfir bildirib.
Açıqlama Vaşinqton və Təl-Əviv arasında Livandakı hadisələr və regional təhlükəsizlik məsələlərinə yanaşmada müəyyən fərqlərin ola biləcəyi barədə müzakirələri yenidən gündəmə gətirib.







