BAKI,TurkicWorld,Yusif Şərifzadə
İsrailin Baş naziri Benyamin Netanyahu İranın bölgədə yeni vəziyyət yaratmağa çalışdığını iddia edərək buna imkan verməyəcəklərini bildirib.
TurkicWorld xəbər verir ki, Netanyahu media nümayəndələri qarşısında çıxışı zamanı İsrailə qarşı həyata keçirilən hücumlara cavab olaraq müxtəlif hədəflərə zərbələr endirilməsi barədə göstəriş verdiyini açıqlayıb.
Onun sözlərinə görə, Hizbullahın İsrail ərazisinə atəş açmasından sonra Livanın paytaxtı Beyrutda müəyyən hədəflərə, həmçinin İrandakı obyektlərə qarşı əməliyyatlar həyata keçirilib.
“İran bizə qəbul edə bilməyəcəyimiz yeni bir qayda diktə etməyə çalışdı”, – deyə Netanyahu bildirib.
İsrail hökumətinin başçısı qeyd edib ki, İrandakı hədəflərə qarşı həyata keçirilən əməliyyatlardan sonra hücumlar dayanıb.
“İrandakı hədəfləri vurduqdan sonra onlar bizə qarşı hücumlarını dayandırdılar”, – deyə o vurğulayıb.
Netanyahu əlavə edib ki, İsrailə qarşı yenidən hücum olacağı təqdirdə buna sərt cavab veriləcək.
Onun sözlərinə görə, ölkəsinin təhlükəsizliyi ilə bağlı məsələlərdə geri addım atmaq niyyəti yoxdur və İsrail özünü müdafiə etmək hüququndan istifadə etməyə davam edəcək.
Açıqlama İsrail, İran və Hizbullah arasında son günlər yenidən yüksələn hərbi gərginlik fonunda verilib.







