BAKI,TurkicWorld Orxan Qədirzadə
İran əsilli fransız yazıçı və kinorejissor, məşhur “Persepolis” qrafik romanı və eyniadlı filmin müəllifi Marjane Satrapi 56 yaşında vəfat edib.
Məlumata görə, Satrapinin ölüm xəbərini onun yaxın çevrəsindən olan şəxs AFP agentliyinə təsdiqləyib. Bildirilib ki, yazıçı həyat yoldaşı, isveçli prodüser, aktyor və ssenarist Mattias Ripanın ölümündən bir qədər artıq müddət sonra dünyasını dəyişib.
Açıqlamada qeyd olunub ki, Satrapi həyat yoldaşının itkisini ağır keçirib. Mattias Ripa ötən il aprelin 8-də vəfat etmişdi.
1969-cu ildə Tehranda anadan olan Satrapi 1994-cü ildə Fransaya köçüb və 2006-cı ildə Fransa vətəndaşlığı alıb. Onun ən məşhur əsəri olan Persepolis müəllifin İranda keçən uşaqlıq və yeniyetməlik illərindən bəhs edir. Əsərdə 1979-cu il İran İslam İnqilabından sonra ölkədə tətbiq edilən məhdudiyyətlər və sonradan Avropaya mühacirət etməsi təsvir olunur.
Satrapi 2007-ci ildə qrafik romanı əsasında çəkilən Persepolis filminin həmmüəllifi və həmmürejissoru olub. Filmin digər rejissoru Vincent Paronnaud idi. Film Kann Film Festivalında Münsiflər Heyətinin Mükafatını qazanıb və daha sonra Oskar Mükafatlarına namizəd göstərilib.
Yazıçı İran hakimiyyətinin açıq tənqidçilərindən biri kimi tanınırdı. O, xüsusilə 2022-ci ildə Mahsa Amininin ölümündən sonra ölkədə başlayan etiraz aksiyalarına dəstək vermişdi. Satrapi Fransada keçirilən aksiyalarda “Qadın, Həyat, Azadlıq” şüarını səsləndirən tanınmış simalardan biri olub.
2025-ci ildə isə o, Fransanın ən yüksək dövlət mükafatlarından biri olan Legion d'Honneur ordenini qəbul etməkdən imtina etmişdi. Satrapi bu qərarını Fransanın İranla bağlı siyasətində gördüyü ziddiyyətlərlə əsaslandırmışdı.
Onun yaradıcılığı yalnız İran mövzuları ilə məhdudlaşmayıb. Satrapi 2019-cu ildə məşhur alim Marie Curienin həyatından bəhs edən Radioactive filmini də ekranlaşdırıb. Filmdə baş rolu Rosamund Pike canlandırıb.
Həyat yoldaşının vəfatından sonra Satrapi xarici tələbələrin Parisdə kino təhsili almasına dəstək vermək məqsədilə Mattias və Mərjan Ripa-Satrapi Kino Fondunu yaratmışdı.
Mərjan Satrapi müasir İran cəmiyyətini, qadın hüquqlarını və mühacirət təcrübəsini dünya auditoriyasına çatdıran ən nüfuzlu yaradıcı şəxslərdən biri hesab olunurdu.