BAKI,TurkicWorld,Yusif Şərifzadə
ABŞ və İran arasında davam edən diplomatik təmaslarla bağlı yeni qiymətləndirmələr Vaşinqtonun mövqeyinin mümkün razılaşmanın taleyində əsas rol oynaya biləcəyini göstərir. Ekspertlər hesab edirlər ki, tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması müəyyən güzəştlərdən asılı olacaq.
TurkicWorld xəbər verir ki, Tehrandakı Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin baş tədqiqatçısı Abbas Aslani açıqlamasında Pakistanın hərbi rəhbərliyinin Tehrana göndərilməsini danışıqlarda mövqelərin yaxınlaşdırılması istiqamətində addım kimi qiymətləndirib.
Onun fikrincə, yekun razılaşmanın əldə olunması əsasən ABŞ tərəfinin kompromisə nə dərəcədə hazır olacağından asılı olacaq. Aslani bildirib ki, Vaşinqton nüvə məsələsi və Hörmüz boğazı ilə bağlı müəyyən çeviklik nümayiş etdirərsə, razılaşmanın əldə olunması mümkün görünür.
Ekspert eyni zamanda vurğulayıb ki, ABŞ tərəfindən birtərəfli şərtlərin qəbul etdirilməsi cəhdləri olarsa, bu halda razılaşma ehtimalı ciddi şəkildə zəifləyə bilər.
Onun sözlərinə görə, İran rəhbərliyi paralel şəkildə iki istiqamətdə fəaliyyət göstərir. Bir tərəfdən Pakistan vasitəsilə diplomatik danışıqlar davam etdirilir, digər tərəfdən isə mümkün hərbi ssenarilər nəzərə alınaraq hazırlıq tədbirləri həyata keçirilir.







