BAKI,TurkicWorld,Yusif Şərifzadə
NATO-nun baş katibi Mark Rutte Hörmüz boğazında təhlükəsizliyin qorunmasının və beynəlxalq dəniz tranzitinin davamlılığının strateji əhəmiyyət daşıdığını bildirib. O, İranı naviqasiya azadlığına qarşı fəaliyyətlərdə ittiham edib.
TurkicWorld xəbər verir ki, Mark Rutte İsveçdə keçirilən xarici işlər nazirlərinin toplantısı çərçivəsində keçirilən mətbuat konfransında çıxış edib. O qeyd edib ki, Hörmüz boğazının açıq saxlanılması və beynəlxalq tranzitin təmin olunması üçün ölkələrin birgə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.
NATO baş katibi bildirib ki, strateji dəniz marşrutlarının təhlükəsizliyi qlobal iqtisadiyyat və beynəlxalq ticarət üçün mühüm məsələ olaraq qalır. O əlavə edib ki, Hörmüz boğazında yaranan təhlükəsizlik riskləri yalnız region ölkələrinə deyil, beynəlxalq ictimaiyyətə də təsir göstərir.
Mark Rutte çıxışında İranın “naviqasiya azadlığına birbaşa hücumunun hamıya təsir etdiyini” qeyd edib və beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, strateji su yollarında təhlükəsizliyin təmin edilməsi yalnız koordinasiyalı fəaliyyət və ortaq yanaşmalarla mümkün ola bilər.







