Bakı. TurkicWorld:
İran parlamenti sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyəti İslamabadda Pakistan baş naziri Şahbaz Şəriflə görüşüb.
Bu barədə TurkicWorld İran mediasına istinadən məlumat verib.
Məlumata görə, görüş bağlı qapılar arxasında keçirilib.
Görüşlə əlaqədar əlavə məlumat yayılmayıb.
Qeyd edək ki, ABŞ, İsrail və İran arasında müharibə 41 gün davam edib. Müharibə ilə əlaqədar Pakistanın vasitəçiliyi ilə tərəflər arasında iki həftəlik atəşkəs elan olunub.
ABŞ və İran arasında müzakirələrin yaxın saatlarda İslamabadda baş tutacağı gözlənilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə, razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib.







