Son dəqiqə

İsrail ABŞ Küveyt Körfəz Əməkdaşlıq Şurası Körfəz ölkələri Sepah

SEPAH Körfəz ölkələrinə hücum iddialarını təkzib edib

BAKI,TurkicWorld, Orxan Qədirzadə

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) atəşkəsin ikinci günündə Körfəz ölkələrinə, xüsusilə Küveytə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilməsi barədə xəbərləri rəsmən təkzib edib.

TurkicWorld xəbər verir ki, "Təsnim" xəbər agentliyinin yaydığı bəyanatda SEPAH bildirib ki, əgər Küveytin hava məkanının pozulması və strateji obyektlərin hədəf alınması xəbərləri doğrudursa, bu, şübhəsiz ki, "sionist rejimi" və ya ABŞ-ın təxribatıdır. Bəyanatda qeyd olunur ki, İran Silahlı Qüvvələri hər hansı hədəfi vurduqda bunu cəsarətlə rəsmi şəkildə elan edir və rəsmi məlumatlarda yer almayan heç bir hərəkətə görə məsuliyyət daşımır.

Küveytin kəskin etirazı və hücumun detalları

Cümə axşamı axşam saatlarında Küveyt ordusu ölkənin hava məkanına düşmən PUA-larının daxil olduğunu və bir sıra mühüm obyektləri hədəf aldığını açıqlayıb. Küveyt Xarici İşlər Nazirliyi bu hücumları İran və onun proksi qüvvələri tərəfindən həyata keçirilən "suverenlik pozuntusu" kimi qiymətləndirib. Rəsmi Küveyt bəyan edib ki, bu cür hərəkətlər ABŞ və İran arasında əldə olunmuş atəşkəs səylərinə zərbə vurur.

Məlumata görə, fevralın 28-dən bəri davam edən müharibə şəraitində İran tərəfindən Körfəz ölkələrinə və İordaniyaya ümumilikdə 6 mindən çox raket və PUA atılıb. Atəşkəsin elan olunduğu ilk günlərdə də hücumların kəsilmədiyi bildirilir.
Təkcə son sutka ərzində Küveyt 28 PUA, BƏƏ 17 raket və 35 PUA, Səudiyyə Ərəbistanı 5 raket və 9 PUA, Bəhreyn 6 raket və 31 PUA ilə hədəf alınıb.

İran tərəfi əvvəllər bu hücumların "Amerika və İsrail təcavüzünə cavab" olduğunu və yalnız ABŞ hərbi bazalarını hədəf aldıqlarını iddia etsə də, zərbələrin mülki infrastrukturuna – hava limanlarına, limanlara və enerji stansiyalarına ciddi ziyan vurduğu bildirilir.

Mövzuya görə xəbərlər