BAKI,TurkicWorld, Orxan Qədirzadə
Qlobal enerji bazarında vəziyyət daha da gərginləşə bilər və yaxın aylarda neft-qaz böhranının dərinləşməsi ehtimalı artır.
TurkicWorld xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Yaxın Şərqdə davam edən müharibə fonunda dünya enerji bazarında vəziyyətin daha da ağırlaşacağı barədə xəbərdarlıq edib.
Fransanın Le Figaro nəşrinə müsahibə verən Birol bildirib ki, dünya “qara aprel” dövrünə daxil olmaq üzrədir. Onun sözlərinə görə, mart ayı artıq enerji bazarı üçün çətin keçsə də, aprel ayında vəziyyət daha da pisləşə bilər.
Birol qeyd edib ki, əgər strateji əhəmiyyətli Hörmüz boğazı aprel ayı boyunca bağlı qalarsa, dünya bazarında itirilən xam neft və neft məhsullarının həcmi mart ayı ilə müqayisədə iki dəfə artacaq.
“Tarixin ən ağır enerji böhranı”
Agentliyin rəhbəri hesab edir ki, Yaxın Şərqdə müharibə ilə bağlı yaranan enerji böhranı dünya tarixində ən ağır enerji böhranı ola bilər. Onun fikrincə, mövcud vəziyyət əvvəlki qlobal enerji böhranları ilə müqayisədə daha təhlükəli xarakter daşıyır.
Birol bildirib ki, hazırkı böhran hətta 1973, 1979 və 2022-ci illərdə baş verən enerji böhranlarının ümumi təsirindən daha ciddi nəticələr doğura bilər.
Onun sözlərinə görə, regionda davam edən müharibə qlobal iqtisadiyyatın əsas enerji damarlarından birini faktiki olaraq iflic vəziyyətinə salır. Bu vəziyyət yalnız neft və qaz tədarükünə deyil, həm də gübrə, neft-kimya məhsulları, helium və digər sənaye sahələrinin xammal təminatına təsir göstərir.
Enerji infrastrukturu zərər görüb
Agentliyin rəhbəri açıqlayıb ki, müharibə nəticəsində ümumilikdə 75 enerji infrastrukturu obyektinə hücum edilib və onların əhəmiyyətli hissəsi ciddi ziyan görüb.
Onun sözlərinə görə, zərər görmüş obyektlərin bərpası uzun müddət tələb edə bilər və bu da enerji bazarındakı qeyri-müəyyənliyi daha da artırır.
Qlobal enerji sistemində dəyişiklik gözlənilir
Birol hesab edir ki, mövcud böhran qlobal enerji sisteminin strukturunda ciddi dəyişikliklərə səbəb olacaq.
Onun fikrincə, böhranın tam aradan qaldırılması üçün illər tələb olunsa da, bu proses bərpa olunan enerji və nüvə energetikası sahələrinin inkişafını sürətləndirə bilər.






