Son dəqiqə

İsrail İran Çin ABŞ Pakistan Məhəmməd İshaq Dar Çin Xalq Respublikasının xarici işlər naziri Van İ Pakistan Xarici İşlər Nazirliyi

Pakistan və Çindən Yaxın Şərqlə bağlı birgə bəyanat - 5 bəndlik sülh təşəbbüsü elan etdilər

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Pakistan və Çin, ABŞ və İsrailin İrana qarşı zərbələri ilə başlayan regional müharibənin dayandırılması və Yaxın Şərqdə sülhün bərqərar olması məqsədilə 5 bənddən ibarət ortaq təşəbbüs sənədi yayımlayıblar.

TurkicWorld xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, sənəd xarici işlər naziri Məhəmməd İshaq Darın Pekində çinli həmkarı Van İ ilə keçirdiyi görüşün yekununda qəbul edilib.

Tərəflər dialoq və diplomatiyanın münaqişələrin həllində yeganə yol olduğunu vurğulayaraq, aşağıdakı 5 bənd üzrə razılığa gəliblər:

Hərbi əməliyyatların və düşmənçiliyin dərhal dayandırılması;

Ən qısa zamanda rəsmi sülh danışıqlarına başlanılması;

Mülki əhalinin təhlükəsizliyinin təmin olunması və qorunması;

Strateji dəniz yollarında (seyrüsefer) təhlükəsizliyin təmin edilməsi;

Birləşmiş Millətlər Təşkilatının (BMT) nizamnaməsinə tam riayət olunması.

Görüş zamanı İranın və digər Körfəz ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyi xüsusi qeyd olunub. Pakistan və Çin mülki şəxslərə, habelə kritik infrastruktura qarşı hücumların dərhal sonlandırılması çağırışını ediblər. Həmçinin Hörmüz boğazından mülki və ticari gəmilərin maneəsiz keçidinə icazə verilməsinin qlobal iqtisadiyyat üçün əhəmiyyəti xatırladılıb.

Bəyanatda müharibədən zərər çəkmiş bölgələrə humanitar yardımların çatdırılması üçün dəhlizlərin açılması tələb olunub. İslamabad və Pekin BMT nizamnaməsi və beynəlxalq hüquq prinsipləri çərçivəsində regionda qalıcı sülhə gətirib çıxaracaq istənilən sazişi dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.

Mövzuya görə xəbərlər