BAKI, TurkicWorld, Orxan Qədirzadə
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar İslamabadda keçirilən görüşdə regionda müharibənin dayandırılması yollarının müzakirə olunduğunu bildirib.
TurkicWorld xəbər verir ki, nazir müharibənin heç bir tərəfin maraqlarına uyğun olmadığını vurğulayaraq ABŞ və İran arasında görüşün İslamabadda keçirilməsini təklif edib. Onun sözlərinə görə, əsas məqsəd münaqişənin qısa müddətdə və davamlı şəkildə həllinə nail olmaqdır.
Məhəmməd İshaq Dar qeyd edib ki, görüş çərçivəsində müharibənin sona çatdırılması üçün mümkün diplomatik mexanizmlər geniş şəkildə müzakirə olunub. O bildirib ki, tərəflər arasında dialoqun intensivləşdirilməsi regionda sabitliyin bərpası üçün əsas şərt kimi qiymətləndirilir.
Nazir əlavə edib ki, Çinli həmkarı ilə telefon danışığı zamanı da bu məsələ müzakirə olunub və Pekin ABŞ ilə İran arasında aparılan danışıqlara dəstəyini ifadə edib.
Dar vurğulayıb ki, Pakistan diplomatik səyləri davam etdirməkdə qətiyyətlidir və regionda uzunmüddətli sülhün təmin olunması üçün beynəlxalq tərəfdaşlarla koordinasiyanı gücləndirəcək.







