BAKI,TurkicWorld, Nailə Babazadə
Açıq mənbələrdən toplanan məlumatlara görə, 28 fevraldan başlayan ABŞ-İsrail koalisiyasının İrana hücumları fonunda Tehranın cavab zərbələri ABŞ-ın regiondakı hərbi aktivlərinə 1,902 milyard dollar dəyərində ziyan vurub. İtki siyahısında strateji radar sistemləri, qırıcı təyyarələr və rabitə terminalları yer alır.
TurkicWorld xəbər verir ki, maliyyə itkisinin ən böyük hissəsi Qətərdəki "Əl-Udeid" hava bazasında yerləşən AN/FPS-132 erkən xəbərdarlıq radar sisteminin vurulması ilə bağlıdır. Təxminən 1,1 milyard dollar dəyəri olan bu strateji obyekt İranın raket hücumu nəticəsində sıradan çıxarılıb.
Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən ("dost atəşi") vurulan 3 ədəd F-15E Strike Eagle qırıcısının bərpası 282 milyon dollara başa gələcək. Bundan əlavə, BƏƏ-də yerləşən THAAD ballistik raketdən müdafiə sisteminin 500 milyon dollar dəyərindəki AN/TPY-2 radar komponenti məhv edilib. Bəhreynin paytaxtı Manamada ABŞ-ın 5-ci Donanma qərargahına edilən hücumda isə hər birinin qiyməti 20 milyon dollar olan iki ədəd AN/GSC-52B peyk rabitə terminalı zədələnib.
İran bölgədə ABŞ-a məxsus 7 strateji nöqtəni hədəf alıb. Bunlar Bəhreyndəki 5-ci Donanma qərargahı, Küveytdəki "Camp Arifjan", "Ali al-Salem" və "Camp Buehring" bazaları, İraqdakı Ərbil beynəlxalq hava limanındakı hərbi obyektlər, BƏƏ-dəki "Cebel Ali" limanı və Qətərdəki "Əl-Udeid" hava bazasıdır. "Camp Arifjan" bazasında baş verən partlayışlarda 6 ABŞ əsgəri həlak olub, bir çox bazada isə binaların tamamilə dağıldığı və ya çatıların uçduğu müşahidə edilib.







