BAKI, TurkicWorld, Orxan Qədirzadə
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İsrail və ABŞ tərəfindən İrana endirilən zərbələr və regionda davam edən eskalasiya fonunda fövqəladə iclas keçirməyə hazırlaşır.
TurkicWorld xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterreş vəziyyətlə bağlı bəyanatla çıxış edərək dərhal hərbi əməliyyatların dayandırılmasına çağırıb.
“Belə tədbirlərin görülməməsi daha geniş regional münaqişə riski yaradır və bunun mülki əhali və sabitlik üçün ağır nəticələri ola bilər”, – deyə Quterreş vurğulayıb.
Baş katib əlavə edib ki, BMT-yə üzv olan bütün dövlətlər beynəlxalq hüquq üzrə öhdəliklərinə, o cümlədən BMT Nizamnaməsinə riayət etməlidirlər. O xatırladıb ki, Nizamnamə hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiqi və ya güc tətbiqi hədəsini qadağan edir.
Bundan əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Miryana Spolyariç də Yaxın Şərqdə hərbi eskalasiyanın bütün region üzrə təhlükəli zəncirvari reaksiyaya səbəb olduğunu bəyan edib. Onun sözlərinə görə, baş verən proseslər mülki əhali üçün dağıdıcı nəticələr doğura bilər.
Spolyariç dövlətləri müharibə aparılması qaydalarına riayət etməyə və daha çox insan tələfatı və dağıntıların qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.