BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran, ABŞ, İsrail və Pakistan–Əfqanıstan xəttində baş verən hadisələrə münasibət bildirərək həm ABŞ və İsrailin İrana hücumlarını, həm də İranın Körfəz ölkələrinə zərbələrini qəbuledilməz adlandırıb.
TurkicWorld xəbər verir ki, Ərdoğan bildirib: “Dost və qardaş İranın suverenliyini açıq şəkildə pozan, eyni zamanda İran xalqının huzuruna qəsd edən səhərki hücumları təəssüf hissi ilə qarşılayırıq”. O, əlavə edib ki, səbəbindən asılı olmayaraq İranın Körfəz bölgəsindəki qardaş ölkələrə qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar da qəbuledilməzdir.
Türkiyə Prezidenti vurğulayıb ki, bölgədə sağlam düşüncə və diplomatiyaya imkan yaradılmasa, region “alov halqasına” sürüklənə bilər. Onun sözlərinə görə, müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün, xüsusilə İslam dünyası olmaqla bütün tərəflər təcili şəkildə hərəkətə keçməlidir.
Ərdoğan qeyd edib ki, Türkiyə problemlərin sülh yolu ilə həlli üçün üzərinə düşən addımları atır və atmaqda davam edəcək. O, sərhəd təhlükəsizliyi və hava məkanı baxımından bütün tədbirlərin ən yüksək səviyyədə görüldüyünü bildirib.
Prezident həmçinin əvvəlcə atəşkəsin təmin edilməsinin, daha sonra isə danışıqlar masasına qayıdılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə bölgədəki bütün qardaş xalqların yanında olmağa davam edəcək.