Bakı, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp, Yüksək Məhkəmənin əvvəlki gömrük tariflərini ləğv etməsindən cəmi bir gün sonra bütün dünya ölkələrinə tətbiq edilən qlobal gömrük rüsumunun dərəcəsini 15 faizə qaldırdığını elan edib.
TurkicWorld xəbər verir ki, Tramp bu qərarı 1974-cü il Ticarət Qanununun 122-ci bölməsinə əsaslanaraq qəbul edib. Cümə günü imzalanan ilkin qərarda rüsumun 10 faiz olacağı bildirilsə də, şənbə günü Ağ Ev rəhbəri bu rəqəmi qanunla icazə verilən maksimum həddə — 15 faizə yüksəltdiyini bəyan edib.
Prezident Tramp özünün "Truth Social" hesabında paylaşım edərək bildirib: "Onilliklərdir ABŞ-ni talayan ölkələrə tətbiq etdiyim 10 faizlik qlobal vergini hüquqi cəhətdən sınaqdan keçmiş tam 15 faiz səviyyəsinə qaldırıram". O, Yüksək Məhkəmənin əvvəlki tarifləri "səlahiyyət həddini aşma" səbəbilə ləğv etməsini kəskin tənqid edərək, məhkəmə üzvlərini "utancverici və vətənpərvər olmayan" hərəkətdə ittiham edib.
Xəbər verilir ki, yeni tariflər 24 fevral 2026-cı il tarixindən etibarən qüvvəyə minəcək və ilkin olaraq 150 gün müddətində tətbiq ediləcək. Qərara əsasən, bəzi kritik minerallar, enerji məhsulları, dərman preparatları və bəzi kənd təsərrüfatı malları bu rüsumdan azad edilib. Həmçinin, Kanada və Meksika ilə mövcud ticarət sazişlərinə uyğun olaraq bu ölkələrə müəyyən istisnalar tanınıb. Ekspertlər bu qərarın qlobal tədarük zəncirinə və dünya iqtisadiyyatına ciddi təsir göstərəcəyini, inflyasiya təzyiqini artıra biləcəyini proqnozlaşdırırlar.