Bakı, TurkicWorld, Orxan Qədirzadə
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Cənubi Koreyanın Ukraynaya silah tədarükü proqramlarına qoşulacağı təqdirdə rəsmi Seula qarşı sərt cavab addımlarının atılacağını bəyan edib.
TurkicWorld xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Seulun NATO-nun PURL (Prioritised Ukraine Requirements List - Ukraynanın Prioritet Ehtiyacları Siyahısı) təşəbbüsünə qoşulma ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Zaxarova qeyd edib ki, Cənubi Koreyanın bu proqram çərçivəsində Ukrayna üçün silah alışı məqsədilə vəsait ayırması və ya hər hansı formada silah tədarükündə iştirakı Rusiya-Cənubi Koreya münasibətlərinə "sağalmaz zərbə" vuracaq.
"Bu halda biz cavab tədbirləri görməyə, o cümlədən asimmetrik addımlar atmağa məcbur olacağıq", — deyə diplomat vurğulayıb. Rusiya tərəfi Seulun bu addımını gözlənilməz adlandırıb, çünki Cənubi Koreya indiyədək Ukraynaya yalnız humanitar və qeyri-öldürücü hərbi yardım göstərəcəyi barədə rəsmi vədlər verirdi.
Qeyd edək ki, PURL proqramı 2025-ci ildə NATO tərəfindən Ukraynanın müdafiə ehtiyaclarını təmin etmək üçün yaradılıb. Cənubi Koreya mətbuatı Seulun bu təşəbbüsə maliyyə dəstəyi verməyi nəzərdən keçirdiyini yazsa da, rəsmi Seul hələlik yalnız qeyri-öldürücü avadanlıqlarla kifayətlənə biləcəklərini ehtimal edir.
