Bakı, TurkicWorld, Orxan Qədirzadə
İsrail Prezidenti İshaq Hersoq amerikalı maliyyəçi Ceffri Epşteynlə hər hansı formada əlaqəsinin olması barədə yayılan iddiaları rəsmi şəkildə rədd edib.
TurkicWorld xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "X" sosial şəbəkəsində məlumat paylaşıb. Səfir jurnalist Taker Karlsonun xahişi ilə bu mövzunu İsrail Prezidentinin Ofisi qarşısında qaldırdığını və oradan qəti təkzib cavabı aldığını bildirib.
Hersoqun administrasiyasından verilən açıqlamada vurğulanır ki, dövlət başçısı ilə Epşteyn arasında heç vaxt nə birbaşa, nə də dolayısı ilə hər hansı təmas olmayıb. Bəyanatda həmçinin qeyd edilir ki, İshaq Hersoq Epşteyni şəxsən tanımayıb, onunla dostluq münasibətləri saxlamayıb, heç vaxt Epşteynə məxsus adada olmayıb və oraya heç bir dəvət almayıb.
Qeyd edək ki, bu məsələ Taker Karlsonun Mayk Hakabi ilə müsahibəsi zamanı gündəmə gəlib. Karlson İsrailin hazırkı prezidentinin Epşteynin adasında olduğunu iddia etmiş və bəzi İsrail rəsmilərinin bu qalmaqallı şəxslə əlaqəli olduğunu irəli sürmüşdü. Xatırladaq ki, Ceffri Epşteynlə bağlı istintaq materiallarında onun İsrail kəşfiyyatı "Mossad" ilə mümkün əlaqələri barədə də bəzi iddialar yer alıb. Bu məlumatların ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) 2020-ci il hesabatına və gizli informatorun ifadələrinə əsaslandığı bildirilir.