BAKI,TurkicWorld, Orxan Qədirzadə
Suriya hökumətinin terrorçu YPG/SDQ-yə verdiyi dörd günlük atəşkəs müddəti başa çatıb. Rəsmi Dəməşq atəşkəsin uzadılması ilə bağlı yayılan iddiaları təkzib edərək, prosesin yekunlaşdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyinin Ərəb Ölkələri üzrə idarəsinin rəhbəri Məhəmməd Taha əl-Əhməd dövlətin rəsmi informasiya agentliyi SANA-ya bildirib ki, Haseke vilayətinin gələcəyi və YPG/SDQ-nin dövlət strukturlarına inteqrasiyası ilə bağlı verilən dörd günlük müddət uzadılmayıb. Onun sözlərinə görə, YPG/SDQ atəşkəsi uzatmaq adı ilə vaxt qazanmağa və Suriya dövlətini çətin vəziyyətdə qoymağa çalışıb.
Əhməd vurğulayıb ki, Suriya rəhbərliyi YPG/SDQ-yə dövlətin yüksək vəzifələrində təmsil olunmaq imkanları təklif etsə də, bu istiqamətdə indiyədək heç bir müsbət cavab verilməyib. Əksinə, atəşkəs dövründə dəfələrlə pozuntular qeydə alınıb ki, bu da təşkilat daxilində parçalanmaların və qərarların dar qruplaşmaların təsiri altında verildiyini göstərir.
Nazirlik rəsmisi qeyd edib ki, Suriyada bütün ağır, orta və yüngül silahlar yalnız Müdafiə və Daxili İşlər nazirliklərinin nəzarətində olmalıdır və bu strukturlardan kənar silahlı birləşmələrə ehtiyac yoxdur. PKK üzvlərinin Suriya ərazisinə daxil olması isə beynəlxalq hüququn və ölkə qanunvericiliyinin pozulması kimi qiymətləndirilib. Bu səbəbdən terrorçu PKK-ya qarşı hüquqi tədbirlərin görüləcəyi bildirilib.
Xatırladaq ki, daha əvvəl SANA hökumətlə YPG arasında Haseke vilayətinin gələcəyi ilə bağlı bir sıra məsələlər üzrə ilkin razılaşmalar əldə edildiyini, bu çərçivədə təşkilata dörd günlük möhlət verildiyini açıqlamışdı. Həmin müddətin başa çatması ilə Suriyada yeni mərhələnin başlandığı bildirilir.