Son dəqiqə

NATO şərq cinahını robotlar və dronlarla möhkəmləndirir NATO Rusiya sərhədində yeni texnoloji müdafiə xətti qurur Şərq cinahında NATO-dan robotlaşdırılmış müdafiə planı NATO-nun şərq sərhədlərində pilotsuz sistemlər yerləşdiriləcək NATO Ukrayna təcrübəsini şərq cinahında tətbiq edir NATO 2027-yə qədər şərq cinahını gücləndirəcək

NATO-nun şərq cinahı robotlar və dronlarla gücləndiriləcək

BAKI,TurkicWorld, Orxan Qədirzadə

NATO alyansı yaxın iki il ərzində şərq cinahında müdafiə imkanlarını kəskin şəkildə artırmağı planlaşdırır.

TurkicWorld xəbər verir ki, alyansın quru qoşunları üzrə generalı Tomas Lovinin açıqlamasına görə, bu çərçivədə robotlaşdırılmış sistemlər və avtomatlaşdırılmış silah platformaları əsas rol oynayacaq.

Almaniyanın “Welt am Sonntag” nəşrinə danışan general NATO-nun Rusiya və Belarusla həmsərhəd bölgələrdə silah-sursat ehtiyatlarını artıracağını bildirib. Planlara əsasən, sərhəd zonalarında uzaqdan idarə olunan robot sistemləri ilə təchiz edilmiş xüsusi müdafiə sahələri yaradılacaq. Bu sistemlərin mümkün hücum zamanı qarşı tərəfin irəliləyişini ləngitməsi və NATO hərbçiləri arasında itkilərin minimuma endirilməsi nəzərdə tutulur.

Yeni konsepsiya çərçivəsində müşahidə mexanizmləri yerüstü, hava, kosmik və rəqəmsal mühitlər üzrə məlumat toplayacaq. Toplanan məlumatlar real vaxt rejimində alyans üzvü ölkələrə ötürüləcək ki, bu da qərarların daha sürətli qəbuluna və koordinasiyanın gücləndirilməsinə imkan verəcək.

General Lovin vurğulayıb ki, yüksək texnoloji imkanlara baxmayaraq, əsas çəkindirici qüvvə yenə də canlı qüvvə olaraq qalacaq. Onun sözlərinə görə, pilotsuz və robot sistemləri təkbaşına uzunmüddətli qarşısınıalma təmin edə bilməz.

“Şərq cinahında çəkindirmə xətti” adlanan bu yeni müdafiə konsepsiyasının 2027-ci ilin sonuna qədər tam formalaşdırılması planlaşdırılır. Konsepsiyanın hazırlanmasında Ukraynanın Rusiya ilə müharibə zamanı əldə etdiyi müdafiə təcrübəsi də nəzərə alınıb.