BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ administrasiyasının Livanın cənubunda təhlükəsizlik və siyasi proseslərə nəzarət edən mövcud «mexanizm»in ləğv edilərək onun əvəzində Livan, İsrail və ABŞ-dan ibarət üçtərəfli komitənin yaradılmasında israr etməsi Beyrutda ciddi narahatlıq doğurub.
TurkicWorld xəbər verir ki, Vaşinqtonun bu təşəbbüsü Fransa və Birləşmiş Millətlər Təşkilatının mandatı ilə fəaliyyət göstərən BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) prosesdən kənarlaşdırılmasını nəzərdə tutur. Bu isə ABŞ–Fransa birgə himayəsi ilə əldə olunmuş və yalnız Livan tərəfi tərəfindən icra edildiyi bildirilən atəşkəs razılaşmasının gələcəyini sual altına salır.
Məlumata görə, ABŞ səfiri vasitəsilə Livan rəhbərliyinə çatdırılan təklif «mexanizm»in fəaliyyətsizliyi ilə əsaslandırılır və tərəflərin təmsilçilik səviyyəsinin artırılması adı altında yeni üçtərəfli formatın yaradılması təklif olunur. Bu yanaşmanın məqsədinin Livanı İsraillə birbaşa danışıqlara cəlb etmək və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi çərçivəsində UNIFIL-in rolunu zəiflətmək olduğu bildirilir.
Məsələ ilə bağlı Livanda prezident Cozef Aun, parlament sədri Nəbih Berri və baş nazir Nəvvaf Salamın iştirakı ilə fövqəladə toplantının keçirilməsi planlaşdırılır. Toplantıda ABŞ-ın mövqeyinə qarşı vahid siyasi xəttin formalaşdırılması əsas müzakirə mövzusu olacaq.
Mənbələr bildirir ki, Vaşinqtonun UNIFIL-ə qarşı sərt mövqeyi, bəzi amerikalı diplomatların sülhməramlı qüvvələri «Hizbullah»ın fəaliyyətinə göz yummaqda ittiham etməsi və Fransanın proseslərdə rolunun azaldılması cəhdləri Paris–Vaşinqton xəttində də ciddi siyasi uyğunsuzluğun yarandığını göstərir.
Analitiklər hesab edirlər ki, ABŞ-ın bu addımı Livanı silahların yalnız dövlətin nəzarətində olması məsələsində daha sərt qərarlara məcbur etmək üçün siyasi təzyiq mexanizmi kimi istifadə olunur. Eyni zamanda İsrailin razılaşmalara hərbi təzyiq yolu ilə üstünlük qazandırmaq istədiyi də istisna edilmir.