BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın təşəbbüsü ilə irəli sürülən Qəzza barış planı çərçivəsində Türkiyə və Qətər hərbçilərinin bölgədə yerləşdirilməsinə qarşı çıxıb.
TurkicWorld xəbər verir ki, Netanyahu İsrail parlamentində keçirilən xüsusi iclasda çıxışı zamanı Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün yaradılması nəzərdə tutulan Beynəlxalq Sabitlik Qüvvəsində Türkiyə və Qətər ordularının iştirakına icazə verilməyəcəyini iddia edib. Onun sözlərinə görə, sözügedən qüvvəyə ABŞ-li general-mayor Cəsper Ceffersin komandanlıq edəcəyi planlaşdırılır.
Netanyahu bildirib ki, Qəzzanın idarə olunması məqsədilə yaradılan Qəzza İdarəetmə Şurası və Qəzza İdarəetmə Milli Komitəsi ilə bağlı Vaşinqton administrasiyası ilə fikir ayrılıqları mövcuddur. O, bu məsələnin ABŞ-dakı tərəfdaşlarla müzakirə edildiyini deyib.
İsrail mətbuatı isə Baş nazirin açıqlamalarının reallığı tam əks etdirmədiyini yazır. “Haaretz” qəzetinə danışan məlumatlı mənbə, Qəzza İdarəetmə Şurasının strukturunun Netanyahuya əvvəlcədən məlum olduğunu və bu çıxışın daha çox daxili ictimaiyyətə hesablanmış siyasi gediş olduğunu bildirib.
Qeyd edək ki, İsrail Baş nazirlik Ofisi yanvarın 17-də ABŞ tərəfindən elan edilən Qəzza İdarəetmə Şurasının Tel-Əvivlə məsləhətləşmədən formalaşdırıldığını iddia etmişdi. Netanyahu bu məsələyə görə xarici işlər naziri Gideon Saar-a ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə saxlaması barədə göstəriş verdiyi də bildirilir.
Yerli mediada yayılan məlumatlara əsasən, Qəzza İdarəetmə Şurasında Türkiyənin xarici işlər naziri Hakan Fidanın yer alması İsrail rəhbərliyində narazılıq doğurub. Şurada ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff, Cared Kuşner, Qətərli diplomat Əli əl-Tavadi, Misirdən general Həsən Rəşad, Toni Bleyer, Marc Rouen, BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Reem əl-Haşimi, Nikolay Mladenov, Yakir Qabay və BMT-nin Yaxın Şərq üzrə xüsusi koordinatoru Sigrid Kaag da yer alır.
Netanyahu çıxışında İranla bağlı hədələrini də təkrarlayıb. O, Tehranın İsrailə mümkün hücumu halında “misli görünməmiş güclə” cavab veriləcəyini bildirib. Baş nazirin sözlərinə görə, İranda baş verən proseslər region üçün yeni mərhələnin başlanğıcı ola bilər.