BAKI, TurkicWorld, Orxan Qədirzadə
Suriyada baş verən proseslər fonunda Türkiyənin dəstəyi ilə Suriya ordusu tərəfindən DEAŞ terrorçularının azad edilməsi ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi yayımladığı rəsmi açıqlamada sözügedən iddiaları tamamilə əsassız adlandırıb. Bildirilib ki, İŞİD terror təşkilatına qarşı bölgədə ən güclü və ardıcıl mübarizəni aparan, bu quruma indiyədək ən ağır zərbələri endirən ölkə məhz Türkiyədir.
Açıqlamada vurğulanıb ki, Türkiyənin terrorla mübarizə siyasəti beynəlxalq hüquq və regional təhlükəsizlik prinsiplərinə əsaslanır və İŞİD kimi terror təşkilatları ilə hər hansı formada əməkdaşlıq və ya güzəşt mümkün deyil. Dezinformasiya ilə Mübarizə Mərkəzi ictimaiyyəti, eləcə də uzun əsrlərdir eyni coğrafiyanı və ortaq dəyərləri paylaşan dost, qardaş və qonşu xalqları bu kimi əsassız məlumatlara inanmamağa dəvət edib.