BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı nəzarət iddiaları Avropada ciddi ictimai etirazlara səbəb olub.
TurkicWorld xəbər verir ki, Danimarkanın paytaxtı Kopenhagendə minlərlə insan küçələrə çıxaraq Qrenlandiyaya dəstək nümayiş etdirib və ABŞ Prezidenti Donald Trampın adanın ABŞ nəzarətinə keçirilməsi ilə bağlı təhdidlərini rədd etdiklərini bəyan ediblər. Etirazçılar Danimarka və Qrenlandiya bayraqları ilə şəhər meriyasının qarşısında toplaşaraq “Kalaallit Nunaat” – Qrenlandiyanın qrenland dilindəki adını səsləndiriblər.
Oxşar etiraz aksiyaları gün ərzində Orhus, Aalborq və Odense şəhərlərində, eləcə də Qrenlandiyanın paytaxtı Nuukda keçirilib. Danimarkada yaşayan qrenlandiyalıları təmsil edən “Uagut” təşkilatının rəhbəri Yuli Rademaxer bildirib ki, bu aksiyalar dünya ictimaiyyətinə ciddi mesajdır.
Onun sözlərinə görə, Qrenlandiya və qrenlandiyalılar istəkləri olmadan demokratiya və insan hüquqları uğrunda mübarizənin ön xəttinə çevriliblər.
Etirazlar Trampın bir gün əvvəl Qrenlandiya məsələsində ABŞ-ın mövqeyini dəstəkləməyən ölkələrə qarşı tariflər tətbiq edə biləcəyi ilə bağlı açıqlamasından sonra baş verib. ABŞ Prezidenti Qrenlandiyanı milli təhlükəsizlik baxımından strateji əhəmiyyətli adlandıraraq bu mövqedən geri çəkilməyəcəyini vurğulayıb.
Danimarka və Qrenlandiya rəsmiləri adanın ABŞ tərəfindən “sahiblənməsi” ideyasını qəti şəkildə rədd etsələr də, Vaşinqtonla aparılan diplomatik danışıqlar hələlik nəticə verməyib. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, ABŞ administrasiyasının mövqeyini dəyişmək mümkün olmayıb.
Keçən ilin yanvarında dərc olunan sorğunun nəticələrinə görə, Qrenlandiya əhalisinin 85 faizi ABŞ-a birləşməyə qarşıdır, yalnız 6 faizi isə bu ideyanı dəstəkləyir.
ABŞ Konqresində də Trampın təşəbbüsü tənqid olunur. Həm demokrat, həm də respublikaçı qanunvericilər bu yanaşmanın qlobal sabitliyə və NATO çərçivəsində öhdəliklərə zərər vura biləcəyini bildiriblər. ABŞ Konqresinin ikipartiyalı nümayəndə heyəti Kopenhagendə Danimarka rəsmiləri ilə görüşərək Qrenlandiya ilə bağlı real təhlükənin olmadığını vurğulayıb.
Bu fonda Avropa NATO üzvləri Qrenlandiyada hərbi təlimlərə hazırlaşmaq məqsədilə məhdud sayda hərbçi yerləşdirməyə başlayıblar. Fransa, Böyük Britaniya, Almaniya, Norveç, İsveç, Finlandiya və Niderland bu addımın suverenliyin müdafiəsinə yönəldiyini açıqlayıb.