BAKI, TurkicWorld, Orxan Qədirzadə
Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığında Tehranın hücumlarını qəti şəkildə pisləyib.
TurkicWorld xəbər verir ki, Qətərin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Tani İranı region ölkələrinə zərər vurmaqda və onları özlərinə aid olmayan müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib.
Qətər hökuməti Tehranı mülki və yaşayış məntəqələrinə hücumları dərhal dayandırmağa çağırıb. Qətərin baş naziri bildirib ki, belə hücumlar cavabsız qalmayacaq.
İranın xarici işlər naziri Abbas Əraqçi isə raket zərbələrinin ABŞ maraqlarına qarşı yönəldiyini və Qətərin hədəf alınmadığını iddia edib.
Məlumata görə, ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hava hücumlarından sonra Tehran region ölkələrinə raket və dron hücumları həyata keçirib.
Son məlumatlara əsasən, Körfəz ölkələrində baş verən hücumlar nəticəsində 13 nəfər həyatını itirib. Onlardan yeddisi mülki şəxslərdir.
Küveytdə isə raket qəlpələrinin düşməsi nəticəsində 11 yaşlı qızın öldüyü bildirilib.
ABŞ Müdafiə Nazirliyi də müharibə başlayandan bəri altı amerikalı hərbçinin həlak olduğunu açıqlayıb. Onlardan dördünün Küveytdə öldüyü qeyd olunub.
Birləşmiş Ərəb Əmirlikləri və Qətər İranın raket və dron hücumlarının qarşısını aldıqlarını açıqlayıblar.
BƏƏ üç ballistik raketi zərərsizləşdirdiyini və 129 pilotsuz uçuş aparatından 121-ni məhv etdiyini bildirib. Qətər isə on pilotsuz aparat və iki qanadlı raketin vurulduğunu açıqlayıb.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi də paytaxt Ər-Riyad yaxınlığında iki qanadlı raketin zərərsizləşdirildiyini və bir neçə pilotsuz aparatın məhv edildiyini açıqlayıb.
Bundan əlavə, ölkə Ras Tanura neft emalı kompleksinə yönəlmiş bir pilotsuz aparatın vurulduğunu bildirib.
Körfəz ölkələrində hərbi vəziyyət fonunda təhlükəsizlik tədbirləri gücləndirilib. Bəhreyn hökuməti müharibə vəziyyətində səhiyyə və digər sahələrdə könüllü xidmət üçün qeydiyyat başladığını elan edib.
Eyni zamanda Qətər təhlükəsizlik orqanları İran İnqilab Keşikçiləri ilə əlaqəli olduğu iddia edilən iki casus şəbəkəsinin zərərsizləşdirildiyini və on nəfərin saxlanıldığını açıqlayıb.
Analitiklər hesab edirlər ki, İranın Körfəz ölkələrinin şəhərlərinə və strateji obyektlərinə yönəlmiş hücumları regionda daha geniş hərbi qarşıdurma riskini artırır.