BAKI, TurkicWorld, Orxan Qədirzadə
Avropa İttifaqının hazırladığı yeni sənaye qanunu layihəsində Türkiyə ilə bağlı mühüm qərar qəbul olunub.
TurkicWorld xəbər verir ki, Türkiyənin ticarət naziri Ömər Bolat sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Avropa İttifaqı ilə son dövrdə aparılan intensiv diplomatik və iqtisadi məsləhətləşmələrin müsbət nəticələr verdiyini qeyd edib.
Bolat Avropa İttifaqının “Sənaye Sürətləndirmə Qanunu” layihəsində Türkiyənin Gömrük İttifaqı çərçivəsində nəzərə alınmasının ticarət münasibətləri baxımından mühüm addım olduğunu bildirib.
Nazirin sözlərinə görə, Avropa İttifaqının hazırladığı “Made in EU” siyasəti və Sənaye Sürətləndirmə Qanunu layihəsində Türkiyənin mövcud Gömrük İttifaqı çərçivəsində tanınması həm investisiyaların davamlılığı, həm də Avropa dəyər zəncirinin rəqabət qabiliyyəti üçün müsbət qərardır.
Ömər Bolat bildirib ki, aparılan məsləhətləşmələr nəticəsində son layihə mətnində Avropa mənşəli məhsul tələbinin Gömrük İttifaqı çərçivəsində Türkiyəni də əhatə etməsi üçün hüquqi əsas təsdiqlənib.
Onun sözlərinə görə, bu qərar Türkiyə ilə Avropa İttifaqı arasında ticarət münasibətlərinin inkişafı baxımından əhəmiyyətli addımdır.
Nazir vurğulayıb ki, Türkiyə xüsusilə avtomobil sənayesi və digər strateji məhsul qruplarında Avropa üçün etibarlı tərəfdaşdır.
Bolat qeyd edib ki, qəbul olunan qərarın Türkiyə ilə Avropa İttifaqı arasında sektorlar üzrə inteqrasiyanı daha da dərinləşdirəcəyi, həmçinin yaşıl və rəqəmsal transformasiya proseslərini sürətləndirəcəyi gözlənilir.
Nazir əlavə edib ki, yaxın dövrdə qarşılıqlı prinsip əsasında dövlət satınalmaları bazarının açılması, bağlantılılıq və yaşıl transformasiya kimi sahələrdə Avropa İttifaqı ilə əməkdaşlıq davam etdiriləcək.