BAKI, TurkicWorld, Orxan Qədirzadə
Ağ Ev İran ərazisində quru qoşunlarının istifadəsinin hazırkı əməliyyat planına daxil edilmədiyini bildirib.
TurkicWorld xəbər verir ki, Ağ Evin sözçüsü Karolin Livitt ABŞ və müttəfiqlərinin həyata keçirdiyi əməliyyatların gedişi ilə bağlı açıqlama verərək bildirib ki, İran üzərində hava üstünlüyü əldə olunması istiqamətində əməliyyatlar davam edir.
Onun sözlərinə görə, “Epik Qəzəb əməliyyatı” adlandırılan hərbi kampaniya indiyədək ciddi nəticələr verib və yaxın saatlarda İran hava məkanında tam nəzarətin əldə olunacağı gözlənilir.
Ağ Ev eyni zamanda vurğulayıb ki, hazırkı mərhələdə İran ərazisinə quru qoşunlarının göndərilməsi planlaşdırılmır.
Məlumata görə, İsrail İranın paytaxtı Tehran da daxil olmaqla bir sıra hədəflərə hava zərbələri endirir. Buna cavab olaraq İran Körfəz regionunda yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir.
Region ölkələrində təhlükəsizlik tədbirləri gücləndirilib və hava müdafiə sistemləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
Ağ Evdən verilən başqa bir açıqlamada isə İspaniyanın ABŞ ordusu ilə əməkdaşlıq etməyə razılaşdığı bildirilib.
Vaşinqton qeyd edib ki, Madrid ABŞ ilə hərbi koordinasiya və əməkdaşlığı genişləndirmək qərarı qəbul edib.