BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Xarici İşlər Nazirliyi İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəni nazirliyə çağıraraq rəsmi etirazını bildirib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İran ərazisindən buraxılan və Türkiyə hava məkanına doğru yönəldiyi müəyyən edilən ballistik sursatın NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdı.
Nazirliyin məlumatına görə, Hatay vilayətinin Dörtyol rayonunda aşkar edilən sursat parçasının havada məhv edilən təhlükənin qarşısını alan hava müdafiə sisteminə aid olduğu müəyyən edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Baş verən hadisə ilə bağlı Türkiyə Xarici İşlər Nazirliyi İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəni nazirliyə çağıraraq Ankaranın narahatlığını və etirazını rəsmi şəkildə çatdırıb.
Hadisədən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan da iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı apararaq baş verən insidentlə bağlı Türkiyənin mövqeyini ifadə edib.
Bildirilib ki, Hakan Fidan Türkiyə hava məkanına yönəlmiş raketin zərərsizləşdirilməsi və ABŞ ilə İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar barədə martın 10-da Türkiyə Böyük Millət Məclisində məlumat verəcək.