BAKI, TurkicWorld, Nailə Babazadə
İranda davam edən kütləvi etiraz aksiyalarında həyatını itirənlərin sayı kəskin artaraq 2 min 677 nəfərə çatıb.
TurkicWorld xəbər verir ki, ABŞ-da fəaliyyət göstərən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) ölkənin bir çox nöqtəsində baş verən hadisələrdə 2 min 600-dən çox insanın yaralandığını, 19 min 97 nəfərin isə saxlanıldığını açıqlayıb. Qeyd olunub ki, son 24 saat ərzində can itkisi faktlarında artım müşahidə olunub. İran rəsmiləri isə nümayişlərdə ölənlərin və ya yaralananların ümumi sayı ilə bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın 28-də yerli valyutanın kəskin dəyər itirməsi və iqtisadi çətinliklər səbəbindən Tehran Böyük Bazarında başlayaraq ölkənin digər şəhərlərinə yayılıb. Yanvarın 8-də paytaxt Tehranda hadisələrin daha da şiddətlənməsindən sonra ölkə rəhbərliyi internetə çıxışı məhdudlaşdırıb. HRANA-nın məlumatına görə, iqtisadi tələblərlə başlayan nümayişlər artıq genişmiqyaslı siyasi etirazlara çevrilib.







