BAKI, TurkicWorld
Niderland Ukraynaya ABŞ-dan silah alınması məqsədilə 15 milyard avro ayırmağı təklif edib. Sözügedən məbləğin Avropa İttifaqının Ukraynaya vəd etdiyi 90 milyard avroluq kredit paketinin bir hissəsi olduğu bildirilir.
TurkicWorld xəbər verir ki, bu barədə “Algemeen Dagblad” (AD) nəşri yazıb.
Məlumata əsasən, Niderland hökuməti Avropa İttifaqının müdafiə sənayesinin ABŞ-da istehsal olunan sistemlərə bərabər silahlar istehsal etmək imkanlarının məhdud olduğunu hesab edir. Qeyd olunur ki, Avropa İttifaqı ölkələri 2025-ci ilin sonunadək Ukraynaya ümumilikdə 90 milyard avro maliyyə dəstəyi vəd ediblər.
Nəşr yazır ki, yanvarın 14-də Avropa Komissiyası ilkin təklifi rəsmi sənəd şəklində təqdim edəcək, bundan sonra isə üzv ölkələr arasında razılaşma prosesi başlayacaq.
Bildirilir ki, ayrılacaq vəsait ən gec mart ayının sonunadək Kiyevə köçürülməlidir. Eyni zamanda kreditin şərtləri ətrafında qeyri-rəsmi müzakirələr davam edir. Bir tərəfdə Niderland, Almaniya və Baltik ölkələri, digər tərəfdə isə Fransa yer alır.
Məqalədə vurğulanır ki, Fransa tərəfi Ukrayna Prezidenti Volodimir Zelenskinin “Avropa silahlarını alın” çağırışına uyğun olaraq milyardlarla vəsaitin yalnız Qərb, xüsusilə Avropa istehsalı olan silahlara xərclənməsini istəyir.







