BAKI,TurkicWorld, Orxan Qədirzadə
Avropa İttifaqına üzv ölkələrin səfirləri Aİ ilə Cənubi Amerikanın Mercosur bloku arasında azad ticarət sazişinə ilkin razılıq verib. Bununla da, 25 il davam edən danışıqlardan sonra tariflərin ləğvi baxımından Aİ tarixinin ən iri ticarət razılaşmasının imzalanmasına yol açılıb.
TurkicWorld xəbər verir ki, cümə günü Aİ-yə üzv dövlətlərin səfirləri tərəfindən verilən razılıq Mercosur ölkələri — Argentina, Braziliya, Paraqvay və Uruqvay — ilə danışıqların 1999-cu ildən bəri ilk dəfə real mərhələyə keçdiyini göstərir. Diplomatik mənbələrin bildirdiyinə görə, ən azı 15 üzv ölkə, Aİ əhalisinin 65 faizini təmsil etməklə, sazişin lehinə səs verib ki, bu da təsdiq üçün tələb olunan minimum həddir.
Avropa Komissiyası razılaşmanı ABŞ tarifləri səbəbindən itirilən bazarların əvəzlənməsi, həmçinin Çindən asılılığın azaldılması və kritik minerallara çıxışın təmin edilməsi baxımından strateji addım kimi qiymətləndirir. Almaniya və İspaniya da daxil olmaqla bir sıra iri üzv dövlətlər bu mövqeni dəstəkləyir.
Bununla yanaşı, Fransanın başçılıq etdiyi müxalif düşərgə razılaşmanın ucuz kənd təsərrüfatı məhsullarının — xüsusilə mal əti, quş əti və şəkərin — idxalını artıraraq Avropa fermerlərini çətin vəziyyətə salacağı barədə xəbərdarlıq edir. Səsvermə ərəfəsində bir sıra Aİ ölkələrində fermer etirazları baş verib: Fransa və Belçikada magistral yollar bağlanıb, Polşada isə yürüşlər təşkil olunub.
Üzv ölkələrə səsvermə ilə bağlı yazılı təsdiqləri Brüssel vaxtı ilə saat 17:00-dək təqdim etmək üçün vaxt verilib. Bu prosedur başa çatdıqdan sonra Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin Mercosur tərəfdaşları ilə sazişi imzalaması gözlənilir. Razılaşmanın qüvvəyə minməsi üçün Avropa Parlamentinin də təsdiqi tələb olunur.
Aİ və Mercosur tərəfləri 2024-cü ildə həcmi 111 milyard avro olan qarşılıqlı ticarətin genişlənəcəyinə ümid edir. Saziş Aİ üçün tariflərin azaldılması baxımından rekord olacaq və avtomobil ehtiyat hissələri, süd məhsulları və şərablar daxil olmaqla ixrac üzrə təxminən 4 milyard avro dəyərində rüsumun ləğvini nəzərdə tutur.
Tənqidçiləri razı salmaq üçün Avropa Komissiyası həssas kənd təsərrüfatı məhsulları üzrə idxalın dayandırılmasını mümkün edən qoruyucu mexanizmlər, gücləndirilmiş nəzarət tədbirləri, böhran fondu və fermerlərə əlavə dəstək paketləri təqdim edib. Bu güzəştlər İtaliyanın mövqeyini dəyişməsinə səbəb olsa da, Fransa və Polşa razılaşmaya qarşı qalmaqda davam edir.
Fransanın kənd təsərrüfatı naziri Annı Jenar Avropa Parlamentində sazişin rədd edilməsi üçün mübarizə aparacağını bildirib. Almaniya isə səsverməni alqışlayaraq, razılaşmanın “önəmli siqnal” verdiyini vurğulayıb.