Bakı, TurkicWorld, Orxan Qədirzadə
Böyük Britaniyanın Milli Arxivində açıqlanan yeni hökumət sənədləri keçmiş baş nazir Toni Bleyerin İraq müharibəsi dövründə iraqlı mülki şəxslərə qarşı zorakılıqda ittiham olunan britaniyalı hərbçilərin mülki və beynəlxalq məhkəmələrdə mühakimə olunmasının qarşısını almaq üçün təzyiq göstərdiyini ortaya qoyur.
TurkicWorld-un məlumatına görə, 2005-ci ilə aid sənədlərdə Bleyerin beynəlxalq instansiyaların, o cümlədən International Criminal Court-in (ICC) Böyük Britaniyanın İraqdakı hərbi əməliyyatlarını araşdırmamasını “zəruri” hesab etdiyi qeyd olunur. O, yazılı qeydlərində britaniyalı hərbçilərin yalnız hərbi məhkəmələr çərçivəsində mühakimə olunmasını vacib sayıb.
Sənədlər göstərir ki, bu mövqe 2003-cü ildə Bəsrədə britaniyalı hərbçilərin nəzarətində olarkən həyatını itirən iraqlı mülki şəxs Baha Musa işi ilə bağlı müzakirələr fonunda səsləndirilib. Qeyd olunur ki, Bleyer bu cür işlərin mülki məhkəmələrə və ya beynəlxalq hüquq müstəvisinə çıxarılmasına qəti şəkildə qarşı olub.
Politoloqların fikrincə, bu yanaşma Bleyerin həm ictimai rəyi, həm də İraq müharibəsinin legitimliyinə dair artan tənqidlərin qarşısını almaq məqsədi daşıyıb. Mütəxəssislər bildirir ki, keçmiş baş nazir hərbi məhkəmələri daha “az cəzalandırıcı” mexanizm kimi qiymətləndirib və ordunun müharibə zonalarında fəaliyyət qabiliyyətinə xələl gəlməsini istəməyib.
Xatırladaq ki, Böyük Britaniya ABŞ-ın rəhbərliyi altında 2003-cü ildə İraqa hərbi müdaxiləyə qoşulub. Sonradan yayımlanan Çilkot hesabatı müharibənin əsaslandırılmasında istifadə olunan kütləvi qırğın silahları ilə bağlı kəşfiyyat məlumatlarının əsassız olduğunu təsdiqləyib. Bununla yanaşı, insan hüquqları təşkilatları müharibə dövründə britaniyalı hərbçilər tərəfindən yüzlərlə iraqlının işgəncəyə məruz qaldığını sənədləşdirib.
ICC 2014-cü ildə Böyük Britaniyanın İraqdakı fəaliyyəti ilə bağlı istintaqı yenidən açsa da, 2020-ci ildə prosesi dayandıraraq milli məhkəmə mexanizmlərinin istintaqı əngəllədiyini sübut edən kifayət qədər dəlil olmadığını açıqlayıb. Bu qərar bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən tənqid edilib.