BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ hökuməti İran istehsalı pilotsuz uçuş aparatlarının (PUA) əldə edilməsi ilə bağlı Venesuela ilə əməkdaşlıqda ittiham olunan Venesuela şirkətinə qarşı sanksiyalar tətbiq edib.
TurkicWorld xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi sanksiyaları Venesuelanın Empresa Aeronáutica Nacional S.A. (EANSA) şirkətinə yönəldib. Nazirliyin açıqlamasında bildirilib ki, sözügedən şirkət ABŞ sanksiyaları altında olan İranın Qods Aviation Industries müəssisəsi tərəfindən layihələndirilmiş pilotsuz uçuş aparatlarının Venesuelada yığılmasına və texniki nəzarətinə cavabdehdir.
Sanksiyalar çərçivəsində EANSA-nın İdarə Heyətinin sədri Xose Xesus Urdaneta Qonsales də siyahıya daxil edilib. ABŞ tərəfi onun Venesuela və İran silahlı qüvvələrinin nümayəndələri ilə Venesuelada PUA istehsalının təşkili üzrə koordinasiyada iştirak etdiyini iddia edir.
ABŞ Maliyyə Nazirliyinin rəsmi nümayəndəsi Con Hörli bildirib ki, Vaşinqton İran və Venesuelanı “ölümcül silahların qlobal miqyasda aqressiv və məsuliyyətsiz yayılmasına” görə məsuliyyətə cəlb edir. Onun sözlərinə görə, ABŞ İranın hərbi-sənaye kompleksini dəstəkləyən strukturların Amerika maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq üçün tədbirləri davam etdirəcək.
Nazirlik qeyd edib ki, sanksiyalar siyahıya alınan şirkət və şəxslərin ABŞ ərazisindəki bütün aktivlərinin dondurulmasını və ABŞ vətəndaşlarının onlarla maliyyə əməliyyatları aparmasının qadağan edilməsini nəzərdə tutur.
ABŞ iddia edir ki, İran və Venesuela 2006-cı ildən bəri pilotsuz uçuş aparatlarının Venesuelaya ötürülməsi üzrə koordinasiyalı fəaliyyət göstərir. İranın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Logistika İdarəsi isə artıq 2020-ci ildən Vaşinqtonun sanksiyaları altındadır.