BAKI, TurkicWorld, Orxan Qədirzadə
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev və Vaşinqton Rusiyanın mümkün yeni hücumlarının qarşısını almaq və münaqişənin dayandırılması üçün sülh danışıqlarının növbəti addımları və formatları barədə razılığa gəlib.
TurkicWorld xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram hesabında paylaşım edib.
Zelenskinin sözlərinə görə, o, Ukraynanın Silahlı Qüvvələrində yüksək vəzifə daşıyan Andrey Qnatov və müdafiə naziri Rustem Umerovla birlikdə ABŞ tərəfini təmsil edən Stiv Vitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb. “Konkret və konstruktiv söhbətə görə minnətdaram”, – deyə o vurğulayıb.
Prezident qeyd edib ki, danışıq zamanı qan tökülməsinin dayandırılması, Rusiyanın üçüncü dəfə genişmiqyaslı hücum riskinin aradan qaldırılması və Moskvanın verdiyi vədlərə əməl etməməsi təhlükəsinin qarşısının alınması kimi əsas məqamlar müzakirə olunub.
“Ukrayna Amerikanın tərəfi ilə dürüst işləməyə, həqiqi sülh gətirməyə hazırdır. ABŞ-la növbəti addımlar, dialoq formatları barədə razılaşdıq. Prezident Trampa danışıqlara bu cür intensiv yanaşmasına görə təşəkkür edirəm”, – Zelenski bildirib.
O əlavə edib ki, Rustem Umerov və general Qnatov yaxın günlərdə ətraflı hesabat təqdim edəcək. “Hər şeyi telefonla danışmaq mümkün deyil, ona görə ideya və təkliflər üzərində komandalarla detallı işləmək lazımdır. Bizim yanaşmamız budur: sülh, təhlükəsizlik və bərpa üçün hər vacib mexanizm real işlək olmalıdır” - Zelenski deyib.