BAKI, TurkicWorld
İsrailin İrana hava hücumları nəticəsində 95 nəfər yaralanıb, həmçinin yüksək rütbəli komandirlər həlak olub.
TurkicWorld xəbər verir ki, İranın 12 vilayətində həyata keçirilən genişmiqyaslı hava hücumları nəticəsində azı 95 nəfər yaralanıb.
Bu barədə İran Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Muctaba Xaledi yerli mediaya açıqlama verib.
Şərqi Azərbaycan vilayətində yardım əməliyyatı zamanı bir xilasedicinin həyatını itirdiyi bildirilir. Hazırda 140 yardım komandası və 670 könüllü hadisə bölgələrində fəaliyyət göstərir.
Qeyd edək ki, bugün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri, SEPAH baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının rəhbəri Qulaməli Rəşid, altı nüvə alimi və digər yüksək rütbəli şəxslər həlak olub.
İran rəhbərliyi hücumlara cavab olaraq BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib və İsrailə qarşı cavab tədbirləri görüləcəyini bəyan edib. Hazırda bölgədə vəziyyət son dərəcə gərgin olaraq qalır.