BAKI, TurkicWorld
Fransada "ölməyə kömək" qanun layihəsi təsdiqlənib.
TurkicWorld xəbər verir ki, Fransa Milli Assambleyası sağalmaz xəstəliklərdən əziyyət çəkən şəxslərin həyatlarının tibbi yardımla sonlandırılmasına - evtanaziya- imkan verən “ölməyə kömək” ( evtanaziya- sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi) adlı qanun layihəsini qəbul edib.
Qanun layihəsi 305 deputatın “lehinə”, 199-nun isə “əleyhinə” səs verməsi ilə təsdiqlənib və payız aylarında Senatda müzakirəyə çıxarılacaq.
Yeni qanun yalnız fransız vətəndaşlarını və ya uzun müddətdir ölkədə yaşayan şəxsləri əhatə edir. Həyatın tibbi yardımla sonlandırılması üçün şəxsin sağalmaz xəstəliyə malik olması, fiziki və ya psixoloji cəhətdən daimi əziyyət çəkməsi və öz iradəsini açıq şəkildə ifadə edə bilməsi tələb olunur. Prosedur xəstənin ailə üzvü olmayan bir həkimin rəyinə əsasən həyata keçiriləcək.
Qeyd edək ki, bu qanun layihəsi Fransada uzun müddətdir davam edən etik və hüquqi müzakirələrin nəticəsi kimi qiymətləndirilir.







