BAKI, TurkicWorld , Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün
Yaxın Şərq siyasətində çoxqatlı maraqlar və güc balansları bölgənin gələcəyini müəyyənləşdirən əsas amillərdən biridir. Bu kontekstdə Suriya böhranı və onun ətrafında formalaşan regional və beynəlxalq münasibətlər sistemin dinamikasına dair vacib göstəricilərdəndir. Xüsusilə İranın Suriya məsələsində masada yer almaması, ABŞ-İran münasibətləri və Əhməd Şaranın bu kontekstdəki potensial rolu məsələləri diqqət mərkəzindədir.
İranın Suriya Masasından Kənarda Saxlanılması
İranın Suriya məsələsində rəsmi danışıqlarda, xüsusilə ABŞ tərəfindən təşəbbüs göstərilən platformalarda yer almaması təsadüfi deyil. Bu, ABŞ prezidenti Donald Tramp dövründə daha qabarıq şəkildə özünü göstərmişdir. Tramp administrasiyası İranı yalnızca regional güc deyil, həm də təhlükə kimi görür. Onun xarici siyasət doktrinası daxilində İranla birbaşa danışıqlara açıq qapı saxlanılsa da, bu yalnız İranın güzəştə getməsi halında baş verə bilər. Tramp masada İranı tanımamaqla, əslində, onun siyasi və hərbi təsir gücünü minimuma endirmək istəyirdi. Lakin hazırda danışıqlar gedir. Beləliklə, Suriya məsələsində İranın iştirakı qeyri-rəsmi səviyyədə qalmağa məhkum oldu.
Əhməd Şaranın Fenomeni: Keçmişlə Gələcək Arasında Körpü
Əhməd Şaranın siyasi şəxsiyyəti və mənsub olduğu ailə şəcərəsi Yaxın Şərqdə bir neçə ideoloji və siyasi xətti birləşdirir:
1. Milliçilik İrsi – Atası Nasirçi yönümlü ərəb millətçisi olmuşdur. Bu ideologiya bir vaxtlar ərəb dünyasında dominant düşüncə sistemlərindən biri olub və bu səbəblə Əhməd Şaranın adı müəyyən dairələrdə ciddi dəstək qazana bilər.
2. Rejim İçi İnteqrasiya – Əmisi Əsəd hökumətində nazir postu tutub. Bu, onun keçmiş rejimin müəyyən körpülər qura biləcəyini göstərir və keçmiş rejim qüvvələrinin onu “uzlaşma fiquru” kimi görməsinə şərait yaradır.
3. Osmalı Kökənli Evlilik Bağlantısı – Həyat yoldaşının nəsli Osmanlı ilə bağlanır. Bu, simvolik baxımdan post Osmanlı və ya daha geniş coğrafi identifikasiyaya açıq olan dairələr üçün maraq doğura bilər.
4. ABŞ Zindanlarında Olması – Onun ABŞ tərəfindən həbs olunmuş bir şəxs olması isə həm anti-Amerika sentimentləri güclü olan dairələrdə nüfuz qazandırır, həm də Qərb qarşısında müəyyən mənada “sınaqdan çıxmış” biri kimi qəbul edilməsinə yol açır.
5. Qardaşının Rusiyada yaşaması, Rusiya vətəndaşı ilə evli olması. Rusiya ilə kontakt üçün önəm daşıyır.
Əhməd Şara bu cəhətləri ilə təkcə Suriyanın daxilində deyil, ümumilikdə bölgədə maraqlı bir “konsensus fiquru” kimi görünə bilər.
ABŞ-İran Danışıqları və Potensial Ortalıq Nöqtəsi
İranın Suriya məsələsində tam iştirak etməsi yalnız siyasi yox, həm də diplomatik razılaşmalardan asılıdır. ABŞ və İran arasında müzakirələrin irəliləməsi, xüsusən nüvə razılaşması istiqamətində yeni mərhələyə keçid olarsa, bu zaman İranın da regional danışıqlarda daha aktiv və rəsmi şəkildə iştirakına yaşıl işıq yandırıla bilər. ABŞ üçün bu, həm regional sabitliyi təmin etmək, həm də Çin və Rusiya kimi rəqiblərlə rəqabətdə İranı müəyyən qədər öz orbitinə yaxınlaşdırmaq baxımından önəmli addım ola bilər. Təbii ki, İsrail bunu istəməz. İran yalnız o halda yaxın buraxıla bilər ki, orada rejim dəyişsin.
Nəticə
Suriya məsələsində siyasi həll yollarının tapılması üçün regiondakı əsas aktorların maraqlarının balanslaşdırılması mühümdür. İranın masadan kənarda saxlanılması problemin dondurulmasına səbəb ola bilər. Digər tərəfdən, Əhməd Şara kimi fiqurların səhnəyə çıxması, keçmişlə gələcək arasında körpü yaratmaq və müxtəlif siyasi qüvvələri eyni masada birləşdirmək baxımından potensial çıxış yollarından biri ola bilər. Əlbəttə, bu prosesin uğuru üçün regional güclərin və beynəlxalq aktorların qarşılıqlı razılaşması və kompromisə hazır olması əsas şərtdir.