BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün
7 oktyabrda HƏMAS tərəfindən həyata keçirilən “Əqsa Tufanı” əməliyyatı yalnız siyasi deyil, eyni zamanda dini müstəvidə də geniş rezonans doğurdu. Bu əməliyyat İslam dünyasında, xüsusilə də nüfuzlu din alimləri və ictimai-religioz liderlər arasında ciddi müzakirələrə səbəb oldu. Bəzi din alimləri bu addımı açıq və ya dolayı şəkildə tənqid edərək dini mətnlərə istinadla HƏMAS-ın hərəkətinin İslam prinsiplərinə uyğun olmadığını bildirdilər. Digərləri isə bu əməliyyatı işğala qarşı haqlı və dini baxımdan əsaslandırılmış bir cavab kimi qiymətləndirdilər.
Bu yazıda, əvvəlki məqaləmdə HƏMAS-ın siyasi baxımdan tənqidinə və bu tənqidlərə təşkilatın verdiyi cavablara toxunduğum metodologiya əsasında, bu dəfə dini spektrdəki fikir ayrılıqlarını, xüsusilə də təşkilatın tənqid və müdafiə olunduğu arqumentləri analiz etməyə çalışacağam.
HƏMAS-ı Tənqid Edən Din Alimləri və Onların Arqumentləri
Əvvəlcə qeyd etmək lazımdır ki, bəzi nüfuzlu İslam alimləri və dini liderlər bu əməliyyata qarşı olduqlarını açıq və ya dolayı şəkildə ifadə etdilər. Məsələn, Məkkə imamı Əbdürrəhman əs-Sudeys 8 oktyabr tarixindəki Cümə xütbəsində “fitnə alovunu yandıranları” sərt şəkildə tənqid edərək, bu cür hərəkətlərin müsəlmanlar arasında xaosa səbəb olduğunu vurğuladı. Misir Əl-Əzhər Universitetinin böyük şeyxi Əhməd Tayyib və sabiq baş müftisi Əli Cümə isə mülki şəxslərə qarşı zorakılığın İslamda haram olduğunu bildirərək, dolaylı da olsa, HƏMAS-ı ittiham etdilər.
Misir sələfi hərəkatının önəmli fiqurlarından biri olan Yasir əl-Burhami isə daha konkret tənqid irəli sürdü. O, “Əqsa Tufanı” əməliyyatını “emosional, nəticəsiz və müsəlmanların daha böyük ziyana uğramasına səbəb olan bir addım” kimi qiymətləndirdi. Onun sözlərinə görə, “Müsəlmanların mənafeləri naminə belə əməliyyatlardan uzaq durmaq lazımdır. Bizim üçün vacib olan sabitlik, islah və təbliğdir, silahlı mübarizə yox.” Burhami bu mövqeyini Əhməd ibn Hənbəl və İmam Buxarinin “fitnə dövründə sükunətin daha fəzilətli olduğu” fikirləri ilə əsaslandırdı.
HƏMAS-ın Hərəkətinə Dini Cəhətdən Haqq Qazandıranlar
Lakin bu əməliyyatın tənqidi yanaşmalarla qarşılanmasına rəğmən, bəzi din xadimləri üçün “Əqsa Tufanı” uzun müddətə təxirə salınmış bir haqqın müdafiəsi, işğala qarşı ədalətli bir cavab idi. Qüdsün sabiq müftisi Şeyx İkrimə Sabri bu əməliyyatı “İslamda fərdi və müdafiəvi cihadın canlı nümunəsi” adlandıraraq, bu mövqeyini İbn Qudamə və Əl-Mavərdi kimi klassik fiqhçilərin “işğala qarşı cihad fərzdir” fikirləri ilə əsaslandırdı.
Əl-Əqsa müdafiəsinin simvolik fiquru sayılan Şeyx Raed Salah isə HƏMAS-ın addımını “ümumü ümmət səbrinin daşması” kimi şərh etdi. Onun arqumenti dini və mənəvi mahiyyət daşıyırdı: “Əl-Əqsa – imanımızın bir hissəsidir. Ora edilən hücum, imanımıza, dolayısı ilə varlığımıza edilən hücumdur.”
Beynəlxalq İslam Alimləri Birliyi isə bu əməliyyatı “haqlı müqavimət” və “müqəddəs bir vəzifə” kimi dəyərləndirərək, Qurani-Kərimdəki “Zülmə uğrayanlara kömək fərzdir” (Həcc, 39) ayəsini əsas arqument kimi təqdim etdi. Eyni mövqedə dayanan İyad Kunaybi kimi müasir alimlər də HƏMAS-ın hərəkətini dini cəhətdən haqq qazandırıla bilən bir cavab kimi qiymətləndirdilər və Misirli sələfi alimlərinin mülayim və passiv mövqeyini kəskin şəkildə tənqid etdilər.
Sonda
Bütün bu fikirlər bir daha göstərir ki, HƏMAS-ın “Əqsa Tufanı” əməliyyatı müsəlman dünyasında yalnız siyasi deyil, eyni zamanda ciddi teoloji mübahisələrin də mövzusuna çevrildi. Dini baxışlar arasındakı bu parçalanma sosial mediada və real həyatda qarşılıqlı ittihamlarla müşayiət olunan mübahisələrə səbəb oldu.
Lakin zənnimcə, bu gün müsəlman dünyasının əsas prioriteti mübahisələrə fokuslanmaq deyil, Qəzzada hökm sürən humanitar fəlakətin qarşısını almaq üçün real və effektiv hüquqi, siyasi, iqtisadi və texniki mexanizmlərin səfərbər edilməsidir. Fakt budur ki, Qəzzada həyatını itirən insanların böyük əksəriyyəti HƏMAS üzvü deyil. Bu səbəbdən, müsəlman alimlərinin əsas vəzifəsi, bu insanların xilası üçün ümumbəşəri dəyərlər ətrafında beynəlxalq həmrəylik və səfərbərlik yaratmaq olmalıdır.
