Son dəqiqə

Azər Hüseynov

Azərbaycan dövlətləri tarixi

Bakı. TurkicWorld / ArabAZ

Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti.

Dövlət haqqında çox yazmışam. Bu yazımda bir az daha konkret olacağam, Allahın izni ilə. Azərbaycan ərazisi bir çox dövlətin qurulma, yaşama və genişlənmə məkanı olmuşdur. E.ə. IX əsrdə Mannadan başlayaraq VII əsrə qədər Azərbaycan ərazisində bir çox dövlət mövcud olmuşdur. Əlbəttə ki, onlar da bizim tarixi mirasımızdır. Ancaq burada demək istədiyim bir məsələ vardır. Bir milləti millət edən iki xüsusiyyət vardır: bunlardan biri dil, digəri isə dindir.

Bu gün biz dil olaraq formalaşmış Azərbaycan dilində danışırıq. Azərbaycan dili Türk dilləri ailəsinin üzvü olan bir dildir. Azərbaycan dilində demək olar ki, bütün mürəkkəb fikirləri ifadə edə bilirik. Azərbaycan dili artıq bir elm, siyasət və kargüzarlıq dilidir. Ən başlıcası isə insanların hiss və duyğularını, daxili həyəcanlarını ifadə edən ədəbiyyat dilidir. Azərbaycan dili ölkəmizin ərazisində bir çox qardaş və həmvətən xalqların ortaq ünsiyyət dilidir.

Bir tarixi şüura sahib olmaq istəyiriksə və bunu praktiki olaraq xalqımıza yansıtmaq istəyiriksə, dilimizin izi ilə tarixin qədimlərinə doğru hərəkət etməliyik. Manna, Albaniya və Atropatena bizim tarixi mirasımızdır. Lakin bu dövlətlərlə duyğu bağımız yoxdur. Həmin dövlətlərin dövlət həyəcanını bu gün hiss edə bilmirik. Çünki tarixçilikdə mübahisə edirik ki, bu dövlətlər hansı dildə danışıb. Onların danışdığı dil bu gün Azərbaycan insanının hiss və duyğularını ifadə edə bilməz. Çünki həmin dillərlə konkret olaraq bir əlaqə bağımız yoxdur.

İndi gəlin baxaq: Azərbaycan dilinin tarixin dərinliklərinə doğru izləri ilə hərəkət edəndə Səlcuqlara çatırıq. Bizim düşmənimiz ermənilər və regionda digər qonşu rəqiblərimiz öz tarixlərini daha qədimlərə aparmaq dərdindədir. Bizim onların addımları ilə və tarix yanaşması ilə getməyə ehtiyacımız yoxdur. Biz məsələni başqa cür ələ almalıyıq. Erməni dili və mədəniyyəti, eləcə də digər qonşularımızın dilləri və mədəniyyətləri heç bir zaman Qafqazda və regionda birləşdirici olmayıb. Amma bu gün danışdığımız Azərbaycan dili birləşdirici ünsiyyət və duyğu ifadəsi dili olub.

Tərlan qardaşımın bir podkastında iştirak edərkən erməni şairi Sayat Novadan danışmışdım. Sayat Nova öz hiss və duyğularının böyük bir hissəsini Azərbaycan türk dilində ifadə edib. Lermontov isə Qafqazda türk dilinin əhəmiyyətini Avropada fransız dilinin əhəmiyyəti qədər qiymətli hesab etmişdir. Dilimizin tarixə doğru izləri ilə gedəndə biz Səlcuqlulara, Azərbaycan Atabəylərinə, Qaraqoyunlulara, Ağqoyunlulara, Səfəvilərə, Osmanlıya, Əfşarlara və Qacarlara doğru gedirik. Və duyğu olaraq, hiss olaraq, dil olaraq, şeir olaraq, musiqi olaraq bu irsi hiss edirik. Çünki dilimizin izlərini görürük.

Bu gün də Azərbaycan dili Azərbaycanda yaşayan qardaş xalqların ünsiyyət, birlik və qardaşlıq dilidir. Onun imkanlarından qardaş xalqlar olan türklər, tatlar, ləzgilər, avarlar, talışlar və digərləri istifadə edir. Ona görə Azərbaycan dövlətləri tarixi şüuru xalqımıza verilərkən dilimizin izlərindən istifadə etmək lazımdır. Bu, həm də cəngavərlik izləridir. Bir tərəfdə Gəncə uğruna kafirlərlə mücadilə edən igidlərin səsidir, bir tərəfdə Rusiyanın işğalına qarşı dirənən müqavimət ordularının səsidir, digər tərəfdə isə Hindistanı fəth edən Nadirlərin səsidir.

Növbəti məqam isə dindir. Din bizim məişətimizi, əxlaqımızı və tərbiyəmizi şəkilləndirmişdir. Hər nə qədər SSRİ-nin ateizm kabusu xalqımızın dini həyatını xarab etsə də, tamamilə dini duyğularımızı və onun mentallığımıza təsirini silə bilməmişdir. İndi də bəzi liberallar, avrosentristlər və qloballistlər bunu etmək istəyir. Amma böhran və ya həyəcan anlarında toplum yenə də dinə sarılır. Bunu İkinci Qarabağ müharibəsində daha qabarıq gördük.

Buna görə dinimizin izləri ilə geri dönəndə də eyni ilə Səlcuqlulara, Azərbaycan Atabəylərinə, Qaraqoyunlulara, Ağqoyunlulara, Səfəvilərə, Osmanlıya, Əfşarlara və Qacarlara doğru gedirik.

Şüur əslində budur.

Mövzuya görə xəbərlər