BAKI, TurkicWorld
Beynəlxalq bazarlarda qəhvə qiymətləri yanvar ayında 4,30 dollara qədər yüksəldikdən sonra 10 faizdən çox ucuzlaşaraq 3,85 dollara düşüb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Bu azalma qlobal artım riskləri, tələbin azalması və tədarüklə bağlı narahatlıqların azalması ilə əlaqələndirilir.
Braziliyada yağıntıların artacağına dair proqnozlar və Vyetnamda tədarük problemlərinin nisbətən həll olunması qiymətlərin enməsində əsas rol oynayıb. Beynəlxalq Qəhvə Təşkilatı (ICO) qəhvə bazarında 1 milyon torba artıqlığın olacağını, Londonda yerləşən Marex Solutions isə bu profisitin 2025/26 mövsümündə 1,2 milyon torbaya qədər yüksələcəyini proqnozlaşdırır.
Eyni zamanda, ABŞ-ın tarif siyasəti və ticarət gərginliyi də bazara təsir göstərib. Donald Tramp administrasiyasının Kolumbiyaya əlavə gömrük rüsumları tətbiq edə biləcəyi ilə bağlı açıqlamaları qəhvə qiymətlərində kəskin dalğalanmalara səbəb olub.
Futures və əmtəə bazarları eksperti Zəfər Ergezen qiymətlərin əvvəlcə sürətlə artmasını və daha sonra ucuzlaşmasını normal bazar dinamikası kimi qiymətləndirib. Onun sözlərinə görə, Braziliyada və Vyetnamda hava şəraitinin təsiri, yüksək qiymətlərə görə tədarükçülərin ehtiyatlı davranması və alıcıların alışlarını təxirə salması bazara təsir edən əsas faktorlar olub.
Qeyd edək ki, yanvar ayında qəhvə qiymətləri 18 faizdən çox artaraq tarixi zirvəyə çatmışdı. Lakin son aylarda istehsal və tədarükdə gözlənilən stabilləşmə qiymətlərin yenidən enməsinə səbəb olub.