Son dəqiqə

Beynəlxalq Cinayət Məhkəməsi Filippin cinayət işi

Keçmiş Filippin prezidenti həbs edilib

BAKI, TurkicWorld

Keçmiş prezident Rodriqo Duterte insanlığa qarşı cinayətlərə görə həbs edilib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Filippin hakimiyyəti Duterteyə qarşı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) verdiyi həbs qərarını icra edib.

O, bu səhər Manila Beynəlxalq Hava Limanına enərkən polis tərəfindən saxlanılıb.

Filippin prezidentliyinin açıqlamasına görə, Duterte hazırda səlahiyyətli orqanların nəzarətindədir və onun səhhəti həkimlər tərəfindən yoxlanılır. 79 yaşlı keçmiş prezident narkotik alverçilərinə qarşı apardığı sərt siyasət nəticəsində minlərlə insanın məhkəməsiz edam edilməsinə görə "qəsdən adam öldürmə" ittihamı ilə üzləşir.

Duterte həbsindən əvvəl xaricdəki filippinli işçilərlə görüşündə ICC müfəttişlərini sərt ifadələrlə tənqid edib və həbs olunsa, bunu qəbul edəcəyini bildirib.

Qeyd edək ki, Filippin 2019-cu ildə Dutertenin göstərişi ilə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdığını elan etsə də, məhkəmə onun prezident olduğu dövrdə və əvvəlki illərdə törədilmiş cinayətlərə dair yurisdiksiyasını qoruduğunu bildirir.

Mövzuya görə xəbərlər