Bakı, TurkicWorld
İran prezidenti Məsud Pezeşkian Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində məşhur şair Şəhriyarın “Heydər babaya salam” şeirini oxuyarkən mərasimi təşkil edən səlahiyyətlilər tərəfindən xəbərdarlıq alıb.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Pezeşkian şeiri səsləndirməzdən əvvəl bildirib ki, bəzi məmurlar onun türkcə danışmasına etiraz ediblər.
Buna baxmayaraq, o, şeiri oxumağa davam edib və onun bu addımı zalda alqışlarla qarşılanıb.
Şeiri oxuduğu zaman Pezeşkianın yanına gələn bir məmur ona xəbərdarlıq edib. İran prezidenti isə “Problem yoxdur, iki türk dilində şeir oxumaqda heç bir problem olmayacaq” deyərək gülümsəyib və şeiri bitirib.
Xatırladaq ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejad da 2006-cı ildə Təbrizə səfəri zamanı eyni şeiri Azərbaycan türkcəsində səsləndirmişdi. O zaman Əhmədinejadın çıxışı təbrizlilər tərəfindən böyük rəğbətlə qarşılanmışdı.
Həmçinin, seçki kampaniyası dövründə Pezeşkian verdiyi müsahibələrdən birində türklüyü ilə fəxr etdiyini bildiriərək, “Mən türkəm. Anam da, atam da türkdür. Türk olmağımla fəxr edirəm. Evdə uşaqlarımla türkcə danışıram, farsca yox.” - deyə bildirib.
Onun bu sözləri İran mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.