Bakı, TurkicWorld
Beyrut Beynəlxalq Hava Limanı, Livanlı sərnişinləri daşıyan İran təyyarəsinin uçuşuna icazə verilməməsi səbəbindən xaosa sürüklənib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Hizbullah tərəfdarları hava limanının giriş-çıxış yollarını bağlayaraq sərnişinlərin hərəkətini məhdudlaşdırıb.
Etirazlar, İrana dini ziyarətə gedən livanlıların Tehran hava limanında geri dönə bilməməsinə dair görüntülərin sosial mediada yayılmasından sonra başlayıb. Məlumata görə, İran təyyarəsinin Beyruta uçuşunun qarşısı hava limanının təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə alınıb.
İsrail ordusunun sözçüsü Avichai Adraee-nin, “İran vəsaitlərinin Hizbullaha köçürülməsi” barədə açıqlamasından sonra qadağanın tətbiq edildiyi bildirilir. Livan ordusu müdaxilə edərək yolları açmaq üçün 200-dən çox əsgər göndərib və nəqliyyatın normallaşması üçün tədbirlər görüb.
Livan ordusu bildirib ki, etirazçıların narahatlığını başa düşür, lakin hava limanının hərəkət azadlığının siyasi təzyiq vasitəsinə çevrilməsinə icazə verilməyəcək.







